Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatı başa çatdı.
Qitə birinciliyinə Portuqaliya və İspaniya arasında keçirilən final matçı ilə yekun vuruldu.
Qarşılaşma olduqca maraqlı və gərgin keçdi. 1/4 finalda Azərbaycan millisini, ardınca Rusiyanı mübarizədən kənarlaşdıran Portuqaliyadan 1-ci dəqiqədə Rikardinyo ispanları mərkəzə dəvət etdi.
19-cu dəqiqədə Tolra ilə tarazlığı bərpa edən İspaniya 32-ci dəqiqədə Linin qolu sayəsində hesabda önə keçdi. Məğlubiyyətdən xilas olmaq üçün bütün qüvvə ilə irəli atılan portuqallar 39-cu dəqiqədə istəklərinə çatdı. Bruno Koelyo fərqlənərək, mübarizənin taleyini əlavə vaxta daşıdı.
Portuqaliya əlavə vaxtın sonuncu dəqiqəsində qələbə topunu vurmağı bacardı. Yenə səhnəyə Bruno Koelyo çıxdı. Onun cərimə zərbəsindən vurduğu qol komandasına tarixində ilk Avropa çempionluğunu qazandırdı.
İspaniya gümüş medalla kifayətlənib, 3-cü yeri Rusiya tutdusa, millimiz ¼ finalda dayandı. Portuqaliyaya 1:8 hesabı ilə uduzmaqla.
UEFA matçın statistik göstəricilərini açıqlayıb. Joze Alesio da Silvanın yetirmələri çərçivəyə zərbələrdə Portuqaliyadan geri qalmasalar da, bu, böyükhesablı məğlubiyyətin qeydə alınmasına əngəl olmayıb.
|
Portuqaliya |
|
Azərbaycan |
|
8 |
Qollar |
1 |
|
16 |
Çərçivəyə zərbələr |
16 |
|
12 |
Qeyri-dəqiq zərbələr |
7 |
|
30 |
Ümumi zərbələr |
31 |
|
5 |
Künc zərbələri |
10 |
|
2 |
Qayda pozuntuları |
7 |
|
0 |
Sarı vərəqələr |
1 |
|
0 |
Qırmızı vərəqələr |
0 |
“Zəlzələdən yaxşı qurtulduq. Azərbaycanın ilk dəqiqədə hesabı açmasını nəzərdə tuturam” - Portuqaliyanın baş məşqçisi Xorxe Braz komandasının oyunundan məmnunluğunu dilə gətirib:
“İlk qolu Azərbaycan vurdu. Amma bilirdim ki, vəziyyəti dəyişmək üçün çox vaxt var. Anında reaksiya verməyi bacardıq. Hətta oyundan sonra zarafatla dedim ki, matçın əvvəlində pis vəziyyətlə üzləşməyimiz bizim üçün daha yaxşıdı.
Azərbaycan millisinin hesabı açmasını sakit qarşıladıq. Hər bir futzalçımız hazır idi və nə etməli olduğumuzu bilirdik. Bu mənada, buraxdığımız erkən qol bizə problem yaratmadı, oyunumuza mənfi təsir etmədi”.
Braz millimiz üzərindəki böyükhesablı qalibiyyətin onlara müsbət təsir göstərəcəyini qeyd edib: “Təbii ki, əla nəticəyə imza atdıq. Bu qələbə bizdə özünəinam hissini artıracaq.
Yarımfinala 8:1 hesablı qələbə ilə adlamaq əladı. Azərbaycana qarşı yaxşı oynayacağımıza şübhə etmirdim. Hazırkı heyətin üzvləri bir-birlərini yaxşı tamamlayırlar. Bir sözlə, fantastik oyun göstərdilər”.
Bu, yığmamızın dünya və Avropa çempionatlarında 7-ci böyükhesablı məğlubiyyəti idi. Belə ki, millimiz 1995-ci ildə debüt etdiyi beynəlxalq arenada indiyədək yalnız 6 darmadağın görmüşdü.
Aldığımız 7 ağır məğlubiyyətdən 2-si final, 5-i seçmə mərhələlərə təsadüf edib. Komandamız indiyədək yalnız 1 dəfə AÇ-nin həlledici raundunda 5 və ya daha çox top fərqinə üzülmüşdü. Bu da 4 il öncəyə təsadüf etmişdi.
Həmin vaxt İtaliyaya 0:7 hesabı ilə uduzmuşduq. Komandamız 4 ildən sonra final mərhələlərindəki antirekordunu təkrarlayıb. Ümumiyyətlə isə seçmə və final mərhələlərindəki antirekordumuz 23 il öncə yaşanıb. Həmin vaxt DÇ üçün də təsnifat xarakteri daşıyan AÇ-nin seçmə mərhələsində yığmamız 8 top fərqilə uduzmuşdu. Hollandiyada keçirilən görüşdə çexiyalılar 10:2 hesablı qələbə qazanmışdı.
Həmin antirekordun 1 addımlığında dayanan Alesionun yetirmələri həm də AÇ-lərin final mərhələlərinin tarixinə düşməkdən qurtulub. Məsələ ondadı ki, İspaniyanın AÇ-2010-da Belarusu 9:1 hesabı ilə udması həlledici raundların ən böyük nəticəsidi. Yığmamız 1 qol da buraxsaydı, Belarusa şərik çıxacaqdı.
Lakin komandamız turnirin tarixinə başqa antirekordla düşməyə imkan tapıb. Millimiz final mərhələsində 1-ci hissədə 5 qol buraxan ilk komandadı. Portuqaliyanın rekord vurması yığmamızla görüşə təsadüf edib (apasport.az).
AÇ-1996 (seçmə mərhələ - Hollandiya)
28.10.1995. Çexiya – 2:10
AÇ-2003 (seçmə mərhələ - Portuqaliya)
06.11.2002. Portuqaliya – 0:5
DÇ-2004 (seçmə mərhələ - Kipr)
05.11.2003. Polşa – 1:6
AÇ-2005 (seçmə mərhələ - Serbiya)
27.01.2005. Rusiya – 0:5
AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)
27.02.2011. İspaniya – 3:8
AÇ-2014 (final mərhələsi – Belçika)
02.02.2014. İtaliya – 0:7
AÇ-2018 (final mərhələsi – Sloveniya)
06.02.2018. Portuqaliya – 1:8
Pireney təmsilçisinin 8:1 hesablı qələbəsinə 4 qolla töhfə verən Rikardinyo Avropa çempionatları tarixinə düşdü. O, yarışın final mərhələlərində ən çox qol vuran futzalçı adına yiyıələnib. Belə ki, Rikardinyo həlledici raundlardakı qol sayını 21-ə çatdırıb.
AVRO-2018-ə qədər 15 qol vuran hücumçu Sloveniyadakı turnirdə 7 dəfə fərqlənib. Rikardinyo 21-ci qolu vurmaqla Rusiya millisinin əfsanəsi Konstantin Yeryomenkonu arxada qoyub. Şimallı futbolçu final mərhələlərində 20 qol vurub. Siyahıda 3-cü pillədə qərarlaşan ispaniyalı Daniel 16 qol vurub.
Millimizin kapitanı Rizvan Fərzəliyev isə Avropa çempionatları tarixinin “beşliy”inə düşüb. 39 yaşlı futzalçı qitə çempionatlarında ən çox oyun keçirənlərdən biridi. Portuqaliya ilə 1/4 final matçı Rizvan üçün bu turnirlərdə 40-cı matç olub.
Yığma səviyyəsində qitə miqyaslı yarışda 2000-ci ildə debüt edən Fərzəliyev seçmə və final mərhələlərində keçirdiyi ümumi oyun sayında ispaniyalı Arnaldoya çatıb. Hərəyə 40 matçda meydana çıxan cütlük Avropa çempionatları tarixinin 4-5-ci yerlərini bölüşür.
Onlar rumıniyalı futzalçılar Robert Lupu və Florin Mateydən cəmi 1 oyun geri qalır. Sonuncuların hesabında 41 belə qarşılaşma var. Avropa çempionatlarının mütləq rekordçusu isə Luis Amadodu. İspaniyalı futzalçı qitə birinciliklərində 47 dəfə meydana çıxıb.
Komandamız qrupdan çıxmaqla daha bir vəzifəni yerinə yetirsə də, bu yarış daha bundan sonra futzal naminə addımlar atılmalı olduğunu göstərdi. Çünki yerli kadrları yetişdirmədən və rəqabəti artırmadan inkişafın təmələni qoymaq mümkün olmayacaq.
Yerli kadrların yetişdirilməsinin mümkünlüyünü də elə bu çempionat göstərdi. Braziliyalılar olmadan da qrupdan çıxa bilərdik. Hətta bəzi məqamlarda onların praktiki beynəlxalq təcrübəsinin olmaması sözünü deyirdi. Bununla belə, Azərbaycan futzalına böyük planlı yeniləşmə lazımdı. Bunun üçün ölkədə ən münbit şərait var.
Üstəlik, futzal indiki şəraitdə elə də böyük sərmayə tələb etməyən bir idman növünə çevrilib. AFFA-nın büdcəsindən ayrılan məbləğlərin bir qismini də buna yönəltməklə çox şeylərə nail olmaq mümkündü. Sadəcə, istək və həvəs lazımdı. Çünki işin başlanğıcında heç peşəkarlığa da ehtiyac yoxdu.
Əlbəttə, bütün bunlar Azərbaycanda nə AFFA-nın, nə də futzal federasiyasının bu idman növünə ciddi yanaşmadığının əyani göstəricsi kimi də diqqət çəkir. Əks halda, heç olmasa, az-çox nəyəsə nail olmaq real idi.
Hərçənd tarixin müəyyən dövründə ölkədə futzal çempionatının təkcə arenadan yarışı izləyən azarkeşlərinin sayı, bu gün futzalla məşğul olanların sayından qat-qat çox olurdusa, bir dövrdə futzal məktəbinin açılmasına cəhd edilməsi, ölkədə bu sahədə çalışan məşqçilərin işə fərqli yanaşma tərzi ilə aradakı rəqabətin həddi barədə yazılıb-pozulanlarla müqayisədə bu gün futzalın ağrı-açılı günlər içində olduğunu əyani görmək mümkündü.
Ona görə də artıq federasiya çırmanmasa, növbəti yarışlarda da milli, sadəcə, ad fərqliliyi ilə yeni tipli brazildiyalıların komandasından başqa bir şey olmayacaq. Dar ehtiyat skamyası isə yerli futzalçıların növbəti partiyası ilə paslanacaq.
Bir sözlə, son məğlubiyyət qələbədən də xeyirli ola bilər. Təki bundan nəticə çıxarılsın və ilk addımlar atılsın.
Birinci Zaur Axundovdan başlamaq lazımdı. Balkan yarımadasında tufan qopara bilməsək, yarış iştirakçılarını zəlzələ-vəlvələyə sala bilməsək də, AFFA artıq bunu etməlidi. Özündənrazı, nə etdiyinin fərqinə varmayan, məsuliyyətsiz bəyanatlar verən Axundovla vidalaşmağın vaxtı çoxdan yetişib. Bir az pulu var? Qalsın özünə! Onun heç nəyi futzala və utbola lazım deyil.
Guya neyləyir ki? Bu sahə onun üçün vasitədi. Axundov elə tipdi ki, qazaenc götürə bilməyəcəyi işə əl bulamaz. Yuxarı instansiyalara çıxış, tanınmaq və yeni əlaqələr yaratmaq onun üçün futzal/futboldan keçir. Güclü ölkə çempionatı olmasa, normal, peşəkar klublar yaradılmasa, futzalın vətəni olan Azərbaycan beynəlxalq arenada öz yerini tutmayacaq.
FİFA-nın reytinqində 10-cuyuq? Federasiyamızın fəaliyyəti üstü bəzək, altı təzəkdi, 10-cu olsaq nə olacaq, 100-cü olmasaq nə olacaq? Axundov braziliyalıları milliləşdirməklə ən primitiv və çürümüş ssenariyə üstünlük verib. Daha tez nəticə qazanmaq və yuxarı dairələrin «sağ ol»unu almaq istəyi ilə saxtakarlıq edir. Bircə onu unudur ki, özgə atına minən tez düşər. Portuqaliya ona həmin «sağ ol»u eşitdirdi.
"D" qrupu
31 yanvar: İspaniya - Fransa 4:4 (Adolfo, 10:37, Ayqun, 19:30-öz qap., Solano, 26:48, Bebe, 37:42//Ə.Məhəmməd, 8:37, Alla, 16:20, Muhudin, 20:13, Ortis, 26:13-öz qap.)
2 fevral: Fransa - Azərbaycan 3:5
Qol: N.Qala, 6.59, Ə.Məhəmməd, 20.05, Muhudin, 39.33, Bolinya, 2.26., 22.02., 23.30, Everton Kardozo, 28.56, Eduardu, 37.09.
Sarı vərəqə: Ə.Məhəmməd, 39:51.
Fransa: Camal Harun (kap), Kevin Ramires, Azdin Ayqun, Əbdəssəmad Məhəmməd, Suheyl Muhudin - Ba Əl Maaruf Kerrumi, Covin Duro, Sid Belhac, Bulaye Ba, Mikael De Sa Andrade, Maqana Landri N'Qala, Samir Alla, Samba Kebe, Adrien Qasmi. Baş məşqçi: Pyer Jaki.
Azərbaycan: Rövşən Hüseynli, Bolinya, Fineu, Eduardu, Everton Kardozu - Emin Kürdov, Samir Həmzəyev, İsa Atayev, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (kap.), Vassura, Xətai Bağırov, Vitali Borisov, Namiq Məmmədkərimov. Baş məşqçi: Joze Alesiu da Silva.
4 fevral: Azərbaycan - İspaniya 0:1
Qol: Pola, 13:21.
Sarı vərəqə: Vassura, 23:53, Fineu, 36:42.
Azərbaycan (start heyəti): Rövşən Hüseynli, Bolinya, Fineu, Eduardu, Rizvan Fərzəliyev (kap).
İspraniya: Pako Sedano, Ortis (kap.), Pola, Migelin, Aleks - Xesus Errero, Mark Tolra, Bebe, Adolfo, Solano, Lin, Serxio Losano, Rafa Usin, Xoselito. Baş məşqçi: Xose Venansio Lopes.
O Q H M T X
1. İspaniya 2 1 1 0 5-4 4
2. Azərbaycan 2 1 0 1 5-4 3
3. Fransa 2 0 1 1 7-9 1
1/4 final
6 fevral: Portuqaliya - Azərbaycan 8:1
Qol: Pedru Kari, 2:05, 5:43, Pani Varela, 9:40, Rikardinyu, 10:31, 19:32, 25:31, 31:15, Brunu Koelyu, 24:09//Everton Kardozu, 0:54.
Sarı vərəqə: Xətai Bağırov, 34:26.
Portuqaliya: Andre Souza, Pedru Kari, Brunu Koelyu, Joau Matuş, Rikardinyu (kap.) – Bebe, Vitor Uqu, Andre Koelyu, Tunya, Nilson Migel, Fabiu Sesilyu, Marsiu Moreyra, Pani Varela, Tyaqu Britu. Baş məşqçi: Jorje Braz.
Azərbaycan (start heyəti): Rövşən Hüseynli, Bolinya, Fineu, Eduardu, Everton Kardozu.
SPORTİNFO.AZ

