Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan futzal üzrə Avropa çempionatının finalçıları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, ilk finalçının adına Portuqaliya – Rusiya görüşündə aydınlıq gəlib.
1/4 finalda Azərbaycan yığmasına 8:1 hesabıyla qalib gələrək yarımfinala yüksələn Portuqalya yığması şimal qonşularımızı da məğlub edib – 3:2. Bu qələbə sayəsində sözügedən komanda ilk finalçıya çevrilib.
Digər finalçı isə Qazaxıstan – İspaniya görüşündə müəyyənləşib. Kifayət qədər maraqlı və gərgin keçən qarşılaşmanın əsas vaxtında komandalar hərəyə 4 dəfə fərqləniblər.
Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Lakin əlavə vaxtda da tərəflər meydanı “sülh”lə tərk ediblər - 5:5.
Belədə finalçı penalti seriyasında müəyyən edilib. Daha dəqiq oynayan ispanlar finala yüksəliblər - 3:1. Hansı ki, bu komanda yığmamızla bir qrupda yer almışdı və millimizə 1:0 hesabıyla qalib gəlmişdi.
Beləliklə, fevralın 10-da keçiriləcək həlledici oyunda Portuqaliya və İspaniya yığmaları Avropa çempionluğu uğrunda mübarizə aparacaqlar. Qazaxıstan və Rusiya yığmaları isə 3-cü yer uğrunda oyunda üz-üzə gələcəklər.

