Bu da sizin BrAZEliya yığmanız!
Əslində matçın nəticəsi hələ himnlər çalınanda məlum idi.
Bir tərəfdə gözünü döyən "lallar yığması", digər tərəfdə isə ürəklə himni oxuyan komanda və onları dəstəkləyən əsl azarkeşlər.
İlk gündən demişəm, şəxsən mənə belə milli, ümumiyyətlə, belə futzal lazım deyil. Ona görə, nə çempionat öncəsi, nə də Fransa ilə oyundan sonra nəsə yazdım.
Əslində indi də 1:8-i şərh etmək fikrim yoxdu. Sadəcə, sözüm odu ki, ya futzalı birdəfəlik ləğv etməliyik, ya da sıfırdan yeni federasiya, yeni çempionat, yeni milli komanda qurmalıyıq: azərbaycanlılardan ibarəl əsl Azərbaycan yığması!
Əgər 1:8 hesabıyla uduzuruqsa, elə öz uşaqlarımız uduzsun. Bu braziliyalıları da rədd eləməliyik. Başda Alesio olmaqla!
Zaur Axundov da artıq postunu təhvil verməlidi.
Adam bir əldə iki qarpız tutur: həm futzal federasiyasına rəhbərlik edir, həm də "Keşlə"yə.
Futzalla vidalaşmağın vaxtıdı. Bu oyun sübut etdi ki, braziliyalıları yığıb bura tökmək çıxış yolu deyil. Heç prezident ola-ola ehtiyat oyunçular skamyasında oturub rəqib futbolçularla «razborka» etmək də çıxış yolu deyil.
Federasiya prezidenti rəsmi geyimdə VİP-lojada əyləşər, baş məşqçinin yanında yox. Avropa Azərbaycan deyil ki, qolunun gücünü, nüfuzunu işə salıb, söhbət həll eləyəsən. Orda oyun göstərmək lazımdı.
Bir daha deyirəm, futzalda hər şeyi sıfırdan qurmağın vaxtıdı..
Anar Xanlarov

