Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan və Portuqaliya arasında keçirilmiş oyun qalmaqalla yadda qalıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində rəqib komandanın kapitanı Rikardinyo millimizin üzvü Ramiz Çovdarovla mübarizə zamanı yerdə qalıb.
Həmin epizodda hakim cərimə zərbəsi təyin etsə də, komandamızın üzvləri, hətta ehtiyat oyunçular skamyasında oturanlar da buna etiraz etməyə başlayıblar.
Rikardinyo ilə millimizin üzvləri arasında yaranan mübahisəyə texniki zonada əyləşmiş Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da müdaxilə edib. O, rəqib futzalçını əli ilə sərt şəkildə itələyib.
Portuqaliyalı oyunçu da Axundova oxşar şəkildə cavab verməyə çalışıb. Lakin tərəflər arasındakı münaqişəni tezliklə sakitləşdirmək mümkün olub.
Yığmamız bu oyunda 1:8 hesabıyla uduzaraq, AÇ-2018-lə vidalaşıb. Rikardinyo isə bu oyunda pokerə imza atıb.
Zaur Axundov AFF ilə yanaşı, həm də “Keşlə” futbol klubunun Müşahidə Şurasının sədridi.

