Yanvarın 30-da Sloveniyada start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, milli komandamızın da iştirak edəcəyi qitə birinciliyinin oyunlarına ikisi ehtiyat olmaqla 20 hakim dəvət olunub.
Maraqlıdı ki, əsas 18 hakim arasına referilərimizdən heç birinin adı daxil edilməyib. Türkiyə, İngiltərə, Finlandiya kimi futzalı zəif ölkələrin ədalət təmsilçiləri isə qitə birinciliyində iş başında olacaqlar. İspaniya, İtaliya və Macarıstanın hər birindən 2 hakim həlledici mərhələyə təyinat alıb.
Rusiya, Portuqaliya kimi milli komandası və daxili çempionatı güclü olan ölkələrdən cəmi bir ədalət təmsilçisi iş başında olacaq. Siyahıda Fransa, Çexiya, Xorvatiya, Rumıniya kimi ölkələrin də hakimləri var. Ehtiyat referilərdən biri Yunanıstanı, digəri isə Makedoniyanı təmsil edir.
Siyahını diqqətinizə çatdırırıq: Sasa Tomic (Xorvatiya), Ondrej Cerny (Çexiya), Cedric Pelissier (Fransa), Balazs Farkas, Gabor Kovacs (hər ikisi Macarıstan), Marc Birkett (İngiltərə), Xuan Xose Kordero Qallardo, Alejandro Martinez Flores (hər ikisi İspaniya), Angelo Galante, Alessandro Malfer (hər ikisi İtalya), Timo Onatsu (Finlandiya), Eduardo Jose Fernandes Coelho (Portuqaliya), Bogdan Sorescu (Rumıniya), Vladimir Kadykov (Rusiya), Amir Zahovic (Sloveniya), Kamil Cetin (Türkiyə)
Ehtiyat hakimlər: Vasileios Christodoulis (Yunanıstan), Josip Barton (Makedoniya)

