Futzal üzrə ölkə çempionatının Birinci Liqasında XII turun oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, Olimpik Starda baş tutan turun ilk matçında “Hell Energy” ADBTİA ilə üz-üzə gəlib.
Saat 19:00-da başlayan görüşdə birincilər 0-2 hesabı ilə geridə olsalar da, sonda 5-4 qalib gəliblər. Hesab 4-4 olarkən qarşılaşmanın hakimi Elçin Səmədli ADBTİA-nın ehtiyat oyunçular skamyasında əyləşərək, epizodların birində ədalət təmsilçisinə etirazını bildirən Əbdül Əliyevə qırmızı vərəqə göstərib.
Matçın bitimində Səmədlinin qərarı ilə razılaşmayan İdman Akademiyası klubunun rəsmilərindən biri Əliyevə verilən qırmızı vərəqənin əsassız olduğunu bildirərək, onu təhqir etməkdən belə çəkinməyib.
FİFA referisinin ünvanına-"sənin özün nə adamsan ki, oyunçuya qırmızı vərəqə verirsən? - deyən, komandanın nümayəndəsi bununla sakitləşməyərək, etirazını oyunun protokolunda qeyd edib (sportfm.az).

