COP29

“Düşündük ki, o, klubunda qalsın” - Millinin baş məşqçisi

2 Noyabr 02:00 Futzal 395
“Düşündük ki, o, klubunda qalsın” - Millinin baş məşqçisi

Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov yığmanın təlim-məşq toplanışı haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında Bakıda 3 məşq keçirəcəklərini söyləyib:

“Bu gün hazırlığa başladıq. Komanda Bakıda 3 məşq keçəcək. Bu da daha çox taktiki planda olacaq və standartların yerinə yetirilməsi üzərində işləyəcəyik.

Noyabrın 3-də Bosniya və Herseqovinaya yola düşəcəyik. Orada oyundan əvvəl bir məşqimiz olacaq. Daha sonra 2 görüş keçirəcəyik".

O, Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəck Azərbaycan millisinin səfərə tam heyətlə yollanmayacağını bildirib:

"Səfərə tam heyətlə yollana bilməyəcəyik. Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir.

Düşündük ki, o klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir.

Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var. Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdır, uşaqlar istəklidirlər.

Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidir".

V.Borisov sonda vurğulayıb ki, bu yoldaşlıq oyunları Avro-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəkləri görüş üçün hazırlıq xarakteri daşıyır:

"Təbii ki, hər iki yoldaşlıq oyunu İsveçlə dekabrın 17-də Bakıda keçirəcəyimiz rəsmi matça hazırlıq xarakteri daşıyır. Rəqibimiz yaxşı komandadır.

“Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı.

Demək olar, son 5-6 ildə milliləri eyni heyətlə çıxış edir. Bizi çətin qarşılaşma gözləyir”.

Xəbər Lenti