
"Araz Naxçıvan" futzal klubunda "yarpaq tökümü" sürətlənib.
Yayda 9 yeni legionerlə müqavilə imzalayan bölgə təmsilçisi onlardan cəmi 3 nəfəri düşərgəsində saxlayıb.
Altı braziliyalı ilə sözləşməyə qarşılıqlı razılama əsasında xitam verilib. Kütləvi ayrılıq Çempionlar Liqasının əsas mərhələsində qeydə alınan fiaskoyla əlaqədardır.
Belə ki, V qrupunda mübarizə aparan ölkə çempionu "Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.
Bu üzdən klub rəhbərliyi baş məşqçi Joze Alesio Da Silvaya “şiddətli töhmət” verib. Həmçinin ona cərimə kəsilib. Braziliyalı çalışdırıcı əməkhaqqının bir hissəsindən məhrum edilib.
Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, federasiya onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir.
Qarşıdan millinin 2 oyunu var. Komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də Yunanıstanı Bakıda qəbul edəcək.
Beş gün sonra da Polşada həlledici oyun olacaq. Baş məşqçinin “Araz-Naxçıvan”dakı gələcəyi millinin martda qazanacağı nəticələrdən asılıdır.
Naxçıvan klubunun rəhbərliyi Alesionun qarşısına bir tələb qoyub - o, Yüksək Liqada yerlilərə, xüsusən gənclərə şans verməlidir.
Bu da ondan irəli gəlir ki, daxili kontingent braziliyalı çalışdırıcının onlara münasibətindən rəsmilərə şikayətçi düşüb, Alesionun ayrı-seçkilik hallavrına yol verməsindən dad eləyib.
SPORTİNFO.AZ