"Bizdən fərqli, Azərbaycan yığmasının əksər üzvləri braziliyalılardır"

9 Mart 2021 11:20 Futzal 1 206
"Bizdən fərqli, Azərbaycan yığmasının əksər üzvləri braziliyalılardır"

"Bizdən fərqli, Azərbaycan yığmasının əksər üzvləri milliləşdirilmiş braziliyalılardır və onlar Avropanın aparıcı klublarında çıxış edirlər.

Bununla belə, Bakıdakı oyunda pis təsir bağışlamadıq. Bunu öz oyunumuzla da sübut etdik".

bu fikirləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusatıy Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis Bakıdakı ilk matçda ustalıq səviyyəsinin çatmadığını bildirib: "Əlimizdən gələni etdik. Amma nəzərə alaq ki, rəqibin heyətində fərdi keyfiyyətləri yüksək olan futzalçılar çıxış edir. Evdəki oyunda da bütün gücümüzlə mübarizə aparacağıq".

Yığmanın hücumçusu Andrey Neqara da Azərbaycan millisinin çətin rəqib olduğunu söyləyib:

"Bu komandanı yaxşı tanıyırıq. Dəfələrlə üz-üzə gəlmişik. Texnikalı, ustalıq səviyyəsi yüksək olan komandadır. Qrupdan çıxmaq şanslarımızı saxlamaq üçün oyundan xal və ya xallarla ayrılmalıyıq.

Ümid edirəm ki, özümüzü sübut edə biləcəyik. Niderland və Finlandiya ilə görüşlərdə bunu bacarmışıq. Azərbaycanı da bu siyahıya əlavə edə bilərik.

İnanıram ki, doğma meydan amilindən istifadə edə biləcəyik. Təəssüf ki, azarkeşsiz oynayacağıq".

Bu gün Çoresku şəhərindəki "FMF Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. 3-cü qrupda 3 oyundan sonra Azərbaycan 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb.

Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Xəbər Lenti