“Qarabağ” uduzur – Qarabağı uduzuruq...

3 Noyabr 2018 15:48 Avropa Liqası 633
“Qarabağ” uduzur – Qarabağı uduzuruq...

“Qarabağ" yenə uduzdu - Avropaliqada ardıcıl 3-cü dəfə...

İnanın ki, doğma klubumuzun bəzi fanatları həmin gecə bu məğlubiyyəti o dərəcədə faciəyə döndərib ki, hətta bəlkə də intihar etmək həddinə yaxınlaşıblar...

***

Hər hansı yarışmada, o cümlədən futbolda məğlubiyyət -acıdır, amma faciə deyil, həyatın sonu deyil... Faciə - bir insanın gözlənilməz ölümüdür. Faciə- bir, beş, on, yüz, min, milyon insanın, körpənin, uşağın, qadının, qocanın qəddarlıqla qətli, amansız işgəncələrə məruz qalması, əsir-girov götürülməsi, sürgün edilməsi, yurd-yuvasından didərgin salınmasıdır... Faciə - min illərlə yaşadığın dədə-baba torpağının işğalı, oradakı evlərin, məzarlıqların, abidələrin, meşələrin, çəmənlərin yandırılması, məhv edilməsi, yeraltı-yerüstü sərvətlərin talanmasıdır... Belə faciələr isə 30 ilə yaxındır “Qarabağ”ın yox, Azərbaycanın, dırnaqsız Qarabağın, gerçək Qarabağın, olan-qalan torpaqlarımızın beşdə birinin, əhalimizin səkkizdə birinin, Qərbi Azərbaycanlı, Qarabağlı milyondan çox soydaşımızın başına gəlib...

***

Əzizlərim, əziz fanat gənclərimiz, “Qarabağ” 3 dəfə ardıcıl uduzursa, Qarabağı artıq 30 ildir ki, faktiki uduzmaqdayıq... Çünki o torpaqlarımıza nəzarət etmək, işğalçıları o yurdlarımızda ağıllarına gələni etməkdən çəkindirmək imkanından məhrumuq... Odur ki, bizlərə öncə Qarabağın fanatı olmaq gərəkdir... Qarabağı azad etmək gərəkdir ki, “Qarabağ” da qaçqınlıqdan qurtarıb Ağdam şəhərindəki doğma meydanında, öz torpağının, öz yaşıl çəməninin üzərində daha ürəklə, daha qeyrət və əzmlə oynasın ki, qələbələri daha çox olsun...

***

Dünən gecə “Qarabağ” öz meydanında Ukrayna klubuna uduzduqdan sonra Qurban Qurbanovun boynubükük siması hamımızı çox məyus etdi. Bəlkə də o təcrübəli məşqçimiz “Qarabağ”ın qələbəsi üçün hər şeyini verməyə hazırdır... Amma 30 ilə yaxındır ki, Qarabağ uğrunda qurban gedən şəhidlərimizin, dinc sakinlərimizin qanı yerdə qalıb. Və 26-27 ildir ki, hamımız boynubükük, məyus, miskin bir durumdayıq... Allahın, ata-analarımızın, xanımlarımızın, övladlarımızın, nəvələrimizin, gələcək nəsillərimizin, dünyanın, digər xalqlarının önündə başıaşağıyıq... Torpaqlarımızı azad edə bilmirik...

***

Doğrusunu Allah-Təala Özü bilər, amma bəlkə də “Qarabağ”ın ardıcıl uduzması da Qarabağsız dözən bizlər üçün bir ibrət dərsidir ki, ayılın, zaman sürətlə ötür, artıq 3-cü onillik tamamlanır və sizlər - o torpaqların gerçək tarixi-hüquqi sahibləri Qarabağı uduzursuz... “Boş-boş “biz güclüyük-filanıq” deyərək hay-küy salıb özünüz-öz başınızı aldatmayın... İllər ötür və torpaqlarınızı azad edə bilmirsiniz və o torpağın əsil sakinləri, Qarabağ yolunda qanını tökən, canının bir şaqqasını itirən Etimad Əsədov, Ziyəddin Abbasov kimi Qarabağ qaziləri dünyadan köçür...

***

Artıq Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın-filanın bu mənasız gediş-gəlişlərinə, görüşlərinə, danışıqlarına inanmaq, aldanmaq lazım deyil. Bir az öncə Rusiyanın “5 rayon”, “7 rayon” nağıllarına ümid bağlayırdınız, indi isə dələduz biznesmen Trampın santa-klausa oxşayan köməkçisi Boltonun “demokratik səyləri”nə uymusuz. Guya bu Bolton elə həmin ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın və s. 30 il ərzində birgə bərkitdiyi Qarabağ “düyünü”nün “bolt”unu açacaq?..

***

Görmürsünüzmü, 25-26 ildir, xarici super güclər neftimizi-qazımızı sümürüb bizim Qarabağı azad etmək ümidlərimizlə əməlli-başlı futbol oynayır?..”

Dediyimiz kimi, həmin güclər elə çoxbaşlı gedişlər, manipulyasiyalar edirlər ki, gah Moskvaya ümidlənirik, gah Vaşinqtona, ara-sıra hələ Fransaya, Almaniyaya da... Halbuki, 30 il öncə həmin güclər bizim xalq olaraq potensial gücümüzü dərk edərək SSRİ-ni dağıdıb məqsədlərinə çatma və Azərbaycanın da yeraltı-yerüstü sərvətlərini azad(!), müstəqil(!), demokratik(!) şəkildə talamaq üçün yüz minlərimizi meydana toplayıb enerjimizi xərclədikləri kimi, biz özümüz də öz gücümüzə inanaraq toparlanıb öz qüdrətimizi özümüz(!) ortalığa qoysaq, torpaqlarımızın azadlığına nail ola bilərik... Bu səbəbdən müxtəlif siyasi, həm də mədəni, idman, şou başqatmalarına aldanmadan “Qarabağ”ın udması, yaxud uduzması fonunda Qarabağın düşmən tapdağı altında qalması gerçəkliyini unutmayaq...

***

Bəşər tarixi boyu nəfslərini özlərinə hakim edənlər kütlələrin başını qatıb onlara hakimlik etmək üçün çeşidli vasitələrə əl atıblar: təlxəklər, manıslar, atəş-fəşanlıqlar, teatrlar, qladiator qulların savaşları, xoruz döyüşdürülməsi, it boğuşdurulması və s. Eyni vasitələrlə həm pul, var-dövlət qazanıblar, həm də baş qatıblar...

***

Son bir əsrdən çox müddətdə isə futbol - kütlələrin siyasi, sosial ədalətsizliyə yönəlik etiraz enerjisini, stresini-filanını çıxarmaq üçün ən sərfəli və qlobal əhəmiyyətli vasitəyə çevrilib...

Futbol azarkeşləri bu kütləvi şou növünə tamaşa edərkən, demək olar ki, hər şeyi unudurlar: gündəlik dolanışıq, yoxsulluq, işsizlik, borc, kredit qayğılarından tutmuş hər hansı dövlət qurumunda qarşılaşdığı haqsızlıqlara, hansısa xarici dövlətin onun dövlətinə hədə-qorxu gəlməsinə, hətta torpağını işğal etməsinə qədər...

***

Amma torpağı işğal altında olan bir xalqa istənilən növ şouya aldanıb torpaqlarını unutmaq əsla yaraşmaz. Düzdü, “Qarabağ” adlı klub bir yandan bizdə Qarabağ eşqini gücləndirir. Amma digər yandan da bu komandanın qalib gəlməsi bizi uydurub eyforiyaya qapdıraraq yalançı QƏLƏBƏ İLLÜZİYASI yaradır, məğlubiyyəti isə məyus edərək əsil faciələrimizi yaddan çıxartdırır...

***

Halbuki, gerçəklikdə nə “Qarabağ”ın qələbəsi Qarabağın azad edilməsidir, nə də “Qarabağ”ın uduzması – faciədir. Qarabağda qələbə çala bilməmişik və əsil faciə yüz minlərlə insanın həyatı, taleyi hesabına itirdiyimiz Qarabağın 30 ilə yaxındır ki, işğal altında qalmasıdır...

***

Kimlərsə bizləri xalqa bədbinlik aşılamaqda suçlaya bilər ki, dövlətimiz, partiya və hökumətimiz on illərdir ki, Qarabağın azadlığı üçün çalışır, səy göstərir, biz Qarabağı uduzmuruq, tezliklə daxili və xarici siyasətimiz sayəsində torpaqlarımızın azadlığına nail olacağıq...

***

Yaxşı, biz təslim, yanılırıq... Təki, biz deyənlər yalan olsun, Putin, Tramp, Bolton, Duqin, Markov-filanlar, ATƏT-in Mİnsk qrupunun həmsədrləri, eləcə də Elmar Məmmədyarov deyənlər düz olsun. Təki Elmar Məmmədyarovun 14 il ərzində apardığı siyasi-diplomatik mübarizə(!) ilə Qarabağı, o cümlədən doğma kəndlərimizi azad edək. O halda kəndimizdəki evimizin xarabalıqları yanında, rəhmətlik babamın qoz ağaclarının kölgəliyində o kişinin heykəlini özüm yapdıracam...

Sultan Laçın

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti