
Son günlərdə mətbuatda Xavi Hernandesin Hindistan millisinin baş məşqçisi ola biləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu iddialar həqiqəti əks etdirmir.
Tanınmış insayder Fabritsio Romano bu məlumatları qəti şəkildə təkzib edərək bildirib ki, Xavi ilə Hindistan Futbol Federasiyası arasında heç bir danışıqlar aparılmayıb.
Sportinfo.az xəbər verir ki, Xavi özü də şəxsi sosial media hesabında yayılan məlumatlara münasibət bildirərək, bunları yazıb:
“Son məlumatlara baxmayaraq, Hindistan Futbol Federasiyası ilə heç bir əlaqəm və danışıqlarım olmayıb”.
Bəzi xəbərlərə görə, Hindistan tərəfi Xavinin adından istifadə edərək, milli komandaya daha nüfuzlu namizədlər cəlb etmək niyyətində olub.
45 yaşlı mütəxəssis artıq bir ildən çoxdur ki, məşqçilik fəaliyyətindən uzaqdır. O, 2023/24 mövsümünün sonunda “Barselona”dan ayrılıb və yerini Hans-Diter Flikə verib.