
Neymar ona yönələn tənqidlər barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, insanların onun həyatı barədə verdiyi hökmlərin əsassız və səthi olduğunu bildirib:
“Mən başqalarının nə düşündüyünə nəzarət edə bilmərəm. Həyatımızla bağlı heç nə anlamayan insanlara cavab vermək çətindir.
Hər şeyi mühakimə etmək asandır, amma arxasında nə olduğunu anlamaq çətindir. Məni tanımadan haqqımda danışan insanlara görə bir az kədərlənirəm.
Kaş ki, insanlar yalnız meydandakı oyunlara diqqət yetirəydilər”.
O, sosial şəbəkənin bu cür mənfi münasibətlərin artmasında böyük rol oynadığını vurğulayıb:
“İndi internet və sosial şəbəkə dövrüdür. İnsanların idmançının çıxışına fokuslanması çətinləşib. Bəziləri mənə qarşı qərəzli düşünür, hətta nifrət edirlər.
Halbuki nə məni tanıyırlar, nə də ailəm və özüm üçün göstərdiyim səylərdən xəbərdardırlar”.
33 yaşlı forvard onu da əlavə edib ki, sosial mediada yazılanlar onun mənəvi durumuna təsir etmir:
“İnternetdə deyilənlər məni sarsıtmır. Mənim üçün yalnız məni tanıyanların fikri önəmlidir”.
Neymar hazırda Braziliyanın “Santos” klubunun rənglərini qoruyur.