Elxan Məmmədov: “Nəyə gücüm çatırsa, onu da etmişəm”

6 Aprel 2020 15:32 Cüdo 701
Elxan Məmmədov: “Nəyə gücüm çatırsa, onu da etmişəm”

"Yığmada vəziyyət xoşagələn deyil. Çünki beynəlxalq yarışlar dayanıb”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “report”a açıqlamasında cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov koronavirus pandemiyasının idmançıların durumuna təsiri barədə danışarkən deyib.

Dünya çempionu bildirib ki, hamı kimi cüdoçular da karantin rejiminə ciddi əməl edirlər: “Evdə qalıb, formanı qorumaq olar. Amma yalnız əzələləri tonusda saxlamaq mümkündür. İstədiyin məşqi ala bilməzsən.

Lakin hər şeydən əvvəl sağlamlıqdır. Biz də karantin rejiminə əməl edirik. Hər kəs evdə qalır. Artıq çəki yaranmasın deyə, idmançılar onlara verilən proqram əsasında məşq edirlər”.

Məmmədovun sözlərinə görə, Zelim Kotsoyevdən başqa, yığmanın bütün legionerləri, o cümlədən baş məşqçi Ruslan Maşurenko Bakıdadır: “Maşurenko yığma komandanı buraxmayıb. Cüdoçulardan isə Zelim Kotsoyev doğulduğu Rusiyada, İrina Kindzerska isə Ukraynadadır.

Kotsoyev zədəli olduğu üçün karantin rejimindən əvvəl getmişdi. Kindzerska isə elə əvvəlcədən də əslən bağlı olduğu ölkədə hazırlıq keçir. Qalanları buradadır, bizdən təlimat gözləyirlər. Yəqin ki, hər şey yaxşı olsa, aprelin 20-dən sonra təlimlərə başlaya bilərik”.

Mayda Bakıda keçirilməsi planlaşdırılan Böyük Dəbilqənin təxirə salınmasına münasibət bildirən böyük məşqçi yarışın yeni vaxtının açıqlanmasını gözlədiklərini söyləyb: “Çox çətin vəziyyətdir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer iyunun 30-dək heç bir yarışın olmayacağını açıqladı.

Hamımız yeni cədvəlin açıqlanmasını gözləyirik ki, buna uyğun planımızı quraq. Hazırda əsas məqsəd evdə fərdi məşq etməklə formadan düşməməkdir. İndiki məqamda ən optimal variant budur”.

E.Məmmədov Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə keçirilməsinin idmançıların vəziyyətinə mümkün təsirindən də söz açıb: “Bu, idmançıların psixologiyasına bağlı məsələdir.

Məncə, o qədər də mənfi təsir göstərməz. Çünki sonuncu dəfə yığma üzvlərini bir araya toplayanda onlara hər şeyi başa saldıq. Hər birində ruh yüksəkliyi var. Əsas odur ki, çəki artmasın”.

Veteran cüdoçu ölkədəki karantin rejimi ilə bağlı Azərbaycan xalqına müraciət edib: “Mən özüm də evdə qalıram. SMS-lə bağlı dünəndən çölə çıxmıram.

Çox çətindir. Amma həm özümüzün, həm də yaxınlarımızın sağlamlığına görə buna məcburuq. Başqa çıxış yolu yoxdur. İnsanlara deyərdim ki, evdə qalsınlar. Sağlamlıq hər şeydən vacibdir. Hamı hökumətin qoyduğu qaydalara riayət etsin”.

E.Məmmədov sonda isə Koronavirusla Mübarizəyə Yardım Fonduna ianə etdiyini bildirib: “Cənab Prezidentin çağırışına mən də qoşulmuşam. Fonda imkanım çatdığı qədər – 300 manat pul köçürmüşəm. Amma bunu mətbuatda, sosial şəbəkələrdə yaymamışam. Nəyə gücüm çatırsa, onu da etmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti