Əslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb. Sportinfo.az xəbər verir ki, tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.
Uzun müddətdir ki, bu idman növüylə məşğul olan həmyerlimiz yaşının az olmasına baxmayaraq Rusiyanın tanınmış boksçularından sayılır. Maraqlısı odur ki, Tahir Xəlilov indiyədək keçirdiyi heç bir döyüşdə məğlub olmayıb.
Son döyüşünü isə atası Tağı Xəlilovun yubileyinə həsr edən Tahirin əsas uğurlarından biri də keçən ilin dekabrında tay boksunun vətəni Tailanda WMC I-1 Global kateqoriyası üzrə dünya çempionu olmasıdı.
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri, Şahin Şıxlinskinin bildirdiyinə görə, Tahir nəinki bu şəhərdə yaşayan azərbaycanlıların, bütün vilayətin, Rusiya Federasiyasının fəxridir.

