Gecə klubunda qızı döyən boks üzrə dünya çempionu Elvin Məmişzadə sosial şəbəkədə dəbdəbəli həyatından fotolar paylaşıb. Sportinfo.az xəbər verir ki, millimizin üzvü dostaları ilə birgə eyləndiyi şəkilləri "İnstagram" səhifəsində bölüşür.
Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin "26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
52 kq çəki dərəcəsində yer alan Elvin Məmişzadə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında və Qətərdə təşkil olunmuş dünya çempionatında qızıl, Avropa çempionatlarında gümüş (2010) və bürünc (2013) medal qazanıb.
26 yaşlı idmançı heç kimi döymədiyini iddia edib: "Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb".
Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib:
"Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır".
Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib: "Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz".

