“Getməyimi istəmirdilər, dedilər, qol vurursan, niyə buradan ayrılırsan?”

5 Yanvar 2024 00:40 Bizimkilər 1 082
“Getməyimi istəmirdilər, dedilər, qol vurursan, niyə buradan ayrılırsan?”

Albaniyadakı çıxışıma görə çoxlu təklif almağım çox xoş oldu.

Sportinfo.az xəbər verir ki, bu sözləri Albaniya "Eqnatiya"sını Türkiyənin 1-ci Liqa təmsilçisi "Boluspor"a dəyişən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli deyib.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Bolu təmsilçisindən ilk təklifin üç ay əvvəl gəldiyini bildirib:

"Türkiyədən bir sıra komandalar mənimlə maraqlanırdı. Özüm də qardaş ölkəyə qayıtmaq istəyirdim.

"Boluspor" rəsmiləri Albaniya çempionatında "Partizani"yə qarşı oyunu izləməyə gəlmişdilər.

O görüşdən sonra rəsmi təklif göndərdilər. Yenidən Türkiyəyə qayıtmaq çox xoş oldu".

Albaniya klubundan ayrılmağının səbəbini də açıqlayan futbolçu əlavə edib:

"Eqnatiya" rəhbərliyi komandadan getməyimi istəmirdi. Hətta bəzi azarkeşlər dedilər ki, qol vurursan, yaxşı oyun sərgiləyirsən, niyə ayrılırsan?

Səbəb stadionlarda olan şərait və dil problemi idi. Türkiyə çempionatında ən azı Albaniyadakı qədər uğurlu olmağa çalışacağam".

Türkiyədə "Keçiörəngücü"də çıxış etdiyi dövrdən bu liqanı yaxşı tanıdığını deyən V.İsgəndərli yenidən özünü sübut edəcəyini söyləyib:

"Türkiyədəki ilk mövsümüm uğurlu alınmışdı. Sadəcə, bir ay tez Azərbaycana qayıtmışdım. Bu da bəzi səbəblərlə bağlı idi".

Hazırda ölkə çempionatında 22 xalla 10-cu yerdə qərarlaşan "Boluspor"un vəziyyətinə də toxunan milli üzvü deyib:

"Çox yaxşı məşqçi və oyunçularımız var. Onuncu yerdə olsaq da, yuxarı pillələrdə yer alan komandalarla xal fərqi elə də böyük deyil.

Yaxşı yerlər uğrunda mübarizə aparmağa çalışacağıq".

Vüsal İsgəndərli "Boluspor"la 1.5 illik müqavilə imzalayıb. (Azərtac)

Digər Xəbərlər
Xəbər Lenti