Albaniyanın II Liqa təmsilçisi "Beselidya"ya transferi açıqlanan azərbaycanlı futbolçu Bayraməli Qurbanov özünü Avropada sınamağa üstünlük verib.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə "report"a açıqlamasında bildirib.
O, Azərbaycanda daha güclü komandalarda oynaya biləcəyinə inanmayıb:
"Statistikamı nəzərə alsaq, Azərbaycanda daha güclü komandalarda oynaya biləcəyim inandırıcı gəlmirdi. "Araz-Naxçıvan"da yetərincə şans qazana bilmədim. Müqavilə müddəti bitəndən sonra "Difai"yə keçdim. Bu klub ikinci dəfə qapılarını üzümə açdı. Formaya düşəndən sonra karyeramı Avropada, aşağı liqalarda davam etdirmək qərarına gəldim. Keçid türkiyəli menecerim sayəsində baş tutdu. Yaxşı statistikası olmayan futbolçunun ölkə xaricində oynaması asan deyil. Azərbaycan klublarından da təkliflər vardı. Amma özümü Avropada sınamağa üstünlük verdim".
23 yaşlı vingeryeni klubundakı şərait barədə də məlumat verib:
"Beselidya"da şərait gözlədiyimdən də yaxşıdır. İki təbii ot örtüklü meydanı var. Komanda yüksək pillələr uğrunda mübarizə aparır. Hədəf əsas liqaya yüksəlməkdir. Klubla müqaviləmin müddəti 2028-ci ilə qədərdir".
B.Qurbanov Albaniyaya getməzdən öncə əsas liqa təmsilçisi "Eqnatiya"da çıxış edən Zamiq Əliyevdən məsləhət aldığını da söyləyib:
"Yaxın dostum Zamiq Əliyev Albaniyanın əsas liqasında "Eqnatiya"nın şərəfini qoruyur. Getməmişdən əvvəl onunla ölkə və liqalar barədə söhbətləşmişdim. Mənə xeyli dəstək göstərdi".
Bayraməli Qurbanov Albaniya klubuna I Liqa təmsilçisi "Difai"dən transfer olunub.
"Beselidya" 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb.

