“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Millimizin 29 yaşlı qapıçısı “Adana Demirspor”la 3 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin də şərəfini qoruyan futbolçunun qardaş ölkədəki karyerasının necə alınacağını zaman göstərəcək. Lakin fakt faktılığında qalır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazanan Adana təmsilçisi bu il də yüksək yerlər uğrunda mübarizə aparacaq.
Komandanın “sükanı” arxasına Patrik Klyuvert kimi ünlü simanı gətirən klub rəhbərliyi komandaya parlaq karyeraya malik futbolçuları cəmləyib. Odur ki, Şahruddin təkcə Super Liqa təcrübəsi toplamaqla kifayətlənməyəcək.
O, həm də məşhur futbolçularla çiyin-çiyinə oynayacaq, əhatə dairəsini genişləndirəcək.
Bəs, həmin ulduzlar kimlərdir?
Məşhurların başında dayanan Nanidir. “Mançester Yunayted”dəki çıxışları ilə yaddaşlarda unudulmaz izlər buraxan portuqaliyalı vinger bu yay “Adana Demirspor”la anlaşıb və artıq qol hesabını açmağa imkan tapıb.
Onun haqqında az qala bütün dünya bilir, uzun-uzadı yazmaq artıqdır.
Mbaye Babakar Nyanq da Şahın komanda yoldaşıdır. İtaliya futbolunun həvəskarları 28 yaşlı seneqallı hücumçunu “Milan”, “Cenoa” və “Torino”dakı çıxışlarından xatırlayır.
Fransanın adlı-sanlı komandalarından “Monpelye”, “Oser”, “Bordo”, “Kann”, “Renn”in şərəfini qorumağa imkan tapan Nyanq da adanalıların bu yay heyətinə cəlb etdiyi oyunçulardandır.
Papa-Alion Ndiaye bacarığı ilə dünyaya səs salmasa da, Türkiyədə onu yaxşı tanıyırlar. “
Stok Siti” ilə İngiltərə Premyer Liqadında diqqətləri üzərinə çəkən 32 yaşlı yarımmüdafiəçi qardaş ölkədə “Qalatasaray”, “Trabzonspor”, “Ankaraspor”, “Fatih Karagümrük” kimi komandaların şərəfini qoruyub,
2019-cu ildə “Qalatasaray”la çempionluq sevinci yaşayıb. Həmin il ölkə kubokunu da qazanıb. 1 il sonra eyni uğura “Trabzonspor”da imza atıb.
Yunes Belandanı da məşhurların cərgəsinə qoya bilərik. Əsasən “Qalatasaray”lı azarkeşlərin yadında qalsa da, onu Fransada “Monpelye” ilə “Nitsa”dakı, Ukraynada isə “Dinamo Kiyev”dəki çıxışlarına görə xatırlayırlar.
Mərakeş millisinin 33 yaşlı üzvü muzeyinə apardığı titullarla öyünə bilər. Belhanda Fransa, Ukrayna və Türkiyədə çempionluq sevinci yaşayıb,
Türkiyə və Ukraynada ölkə kubokuna yiyələnib. Artıq üçüncü ildir “Adana Demirspor”un vacib fiqurlarından hesab olunur.
Emre Akbaba vaxtilə Türkiyə futbolunda adından söz etdirən oyunçulardan idi. “Alanyaspor”da nümayiş etdirdiyi məhsuldarlıq Fransada doğulan yarımmüdafiəçinin “Qalatasaray”a yolunu açmışdı.
“Sarı-qırmızılar”ın heyətində keçirdiyi 4 mövsümdə vurduğu 17 qolun üzərinə Türkiyə millisində 6 matçda vurduğu 3 qolu da gəlsək,
Akbabanın keçmişi haqda xoş sözlər deyə bilərik. Türkiyə çempionu adını qazanan, ölkə kubokunu başı üzərinə qaldıran Emre ötən ildən “Adana Demirspor”dadır.
Təbii, əslən azərbaycanlı olmasa da, Azərbaycan millisinin formasını geyinən Məhəmmədəliyevin bu cür simalarla komanda yoldaşı olması xoş haldır.
Bundan sonrası öz əlindədir. Ümidləri doğrultmaqla məşhurlarda Azərbaycan futbolu və “Qarabağ” adına müsbət fikirlər formalaşdıra bilər.
HƏBİB / SPORTİNFO.AZ

