Hər zaman futbolumuzun ən vacib hissəsi və təməli hesab olunan uşaq futbolundakı vəziyyəti idman ictimaiyyətinə çatdırmaqla bərabər, bu sahəyə aid problemləri diqqət mərkəzində saxlamağa çalışmışıq.
Belə ki, dəfələrlə Azərbaycanın qabaqcıl uşaq futbol məktəblərindən biri sayılan European Football Academy (EFA) haqqında yazılar dərc etmiş, onların fəaliyyətini geniş şəkildə işıqlandırmışıq.
Bu dəfə də EFA-nın direktoru Vüsal Mustafayevlə əlaqə saxlayıb, klubun cari fəaliyyəti barədə suallara cavab aldıq:
"Komandamız Azərbaycan Çimərlik Futbol Federasiyası tərəfindən U-14 yaş kateqoriyası üzrə keçirilən ölkə birinciliyində çempion olub.
Eyni zamanda, bu yarışın təşkilində əməyi və əziyyəti keçmiş federasiya rəsmilərini, EFA-nın bütün rəhbər və məşqçi heyətini təbrik edirəm.
Belə turnirlərin keçirilməsinin yeni mövsümə hazırlıq baxımından çox əhəmiyyətlidir.
Onu da bildirmək istəyirəm ki, federasiyanın aşağı yaş qrupları üzrə yarışlar təşkil etməyə başladığı vaxtdan indiyədək EFA müxtəlif yaş qruplarında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Bu da bir daha bizim futbolun istənilən növünə olan diqqətimizin göstəricisidir.
Bildiyiniz kimi, artıq bir neçə ildir ki, davamlı olaraq aşağı yaş qrupu üzrə komandalarımızla Slovakiyanın Preşov şəhərində keçirilən ənənəvi "Fraqaria Cup" beynəlxalq futbol turnirində iştirak edirik.
Bu il də "Fragaria Cup 2023" turnirində 2013/2014 təvəllüdlü futbolçularla U-11 yaş kateqoriyasında qüvvəmizi sınadıq. Məhz belə turnirlər kiçik yaşlarından uşaqalara əvəzolunmaz təcrübə qazandırır, dünyagörüşlərini artırır.
Təsəvvür edin, 9-10 yaşlı uşağın müxtəlif ölkə və şəhərlərin vağzal və aeroportlarında fərqli nəqliyyat vasitələrindən sərbəst istifadə etməsi, doğmalarından minlərlə kilometr aralıda komanda yoldaşları ilə birlikdə oteldə qalması, fərqli mədəniyyət, fərqli mətbəx, fərqli cəmiyyətlərlə qarşılaşması, düşdüyü hansısa bir qeyri-standart vəziyyətdə sərbəst qərar verməsi, müxtəlif Avropa məktəbləri ilə yarışması, rəqibin azarkeşinin təzyiqini görməsi onun üçün nə deməkdir.
Bütün bunlar uşaqların gələcəkdə istər peşəkar idman karyerasına, istərsə də cəmiyyətə yararlı bir vətəndaş olaraq yetişməsinə çox böyük müsbət təsir göstərir.
Hər zaman qeyd etdiyimiz kimi, EFA istedadları üzə çıxarmaq və peşəkar futbolçu yetişdirməklə bərabər, cəmiyyətə sağlam, mədəni və yüksək dünyagörüşə malik vətəndaşlar qazandırmağı da qarşısına məqsəd qoyub.
Balaca futbolçularımızla yanaşı, belə turnirlər eyni zamanda məşqçilərimizə də böyük təcrübə qazandırır.
Onlar da fərqli atmosferdə, futbola baxış və yanaşma baxımından bir-birindən kəskin fərqlənən futbol məktəbləri ilə qarşılaşır, turnirin reqlamentindən asılı olaraq, gündə 2, bəzən 3 oyun keçirməli olurlar.
Bu oyunlar zamanı uşaqların istər fiziki, istərsə də psixoloji hazırlıq səviyyəsi önə çıxır ki, burada məşqçinin üzərinə böyük məsuliyyət düşür.
Qeyd etmək istəyirəm ki, bu turnirdə iştirak edən U-11 komandamızın baş məşqçisi Tağı Məmmədov üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyi bacardı.
Gənc məşçimizə uğurlar dolu karyera arzu edirəm və inanıram ki, onun yetirmələri bu turnirin təcrübəsindən kifayət qədər bəhrələnəcəklər.
Fürsətdən istifadə edib, komandamızı Avropa turnirində tək buraxmayan, baş məşqçiyə dəstək olan və bu işlərdə kifayət qədər təcrübəli baş menecerimiz Kamran Bayramova və EFA-nın xarici əlaqələr üzrə koordinatoru İdrak Rəhimova da öz adımdan və klub rəhbərliyi adından təşəkkürümü bildirirəm.
Ümumi götürdükdə, yuxarıda saydığım amilləri, həmçinin 15 komanda arasında final mərhələsinə vəsiqə qazanıb fəxri kürsüyə qalxmaq üçün bizi cəmi 1 xal ayırdığını nəzərə aldıqda, bu turnirin həm futbolçular, həm də məşqçi heyətimiz üçün uğurlu hesab etmək olar".
SPORTİNFO.AZ

