“Yurqarden”ə transfer olunan Musa Qurbanlının İsveçdəki debütünü hələ bir müddət gözləməli olacağıq.
Yeni klubu ilə müqavilə bağlayandan sonra vətənə qayıdan 21 yaşlı hücumçu ən qısa zamanda Skandinaviyaya qayıdıb, Stokholm təmsilçisinin məşqlərində iştirak edəcək.
Komandayla məşq etməli, uyğunlaşma prosesini uğurla başa vurmalı və isveçli məşqçi duetindən şans gözləməlidir.
İndi hər kəsi maraqlandıran sual Musanın hücum xəttində hansı futbolçularla rəqabət aparacağı və buna nə dərəcədə hazır olmasıdır.
Hazırda Allsvenskanda 15-ci tur geridə qalıb və hər nə qədər qəribə olsa da, komandanın ən sərrast futbolçularının arasında müdafiəçi və yarımmüdafiəçilərin adları var.
34 yaşlı Danielson arxa xətt oyunçusudur. Frindell yarımmüdafiəçi, norveçli Berq isə hücumçusudur. Bu futbolçuların hər biri cari mövsümdə 3 qola imza atıb.
Yəni, hücum mövqeyindəki adlara nəzər salsaq, 29 yaşlı Berq, həmçinin, Musadan 1 yaş böyük olan Fallenius və 24 yaşlı Asoro bu mövsüm ən çox şans qazanan forvard və vingerlərdir.
Gənc Falleniusa əsasən əvəzedici gözündə baxılır. 14 matçda 601 dəqiqə meydanda olub. Bu zaman kəsiyində rəqib qapılarına yol tapa bilməyib.
Berq komandanın əsas qol ümididir. Bu ilin əvvəlinə qədər İsveçin digər klubu – “Kalmar”ın uğurları üçün tər tökən forvard son iki mövsümdə çempionatda 21 qolla yadda qalıb. Yəni, məhsuldarlığına söz ola bilməz.
Joel Asoro İsveçin ən istedadlı futbolçularından hesab olunur.
Hücumun sivri ucunda və vinger mövqeyində oynamaq bacarığı ilə seçilən Asoro İsveçin bütün yaş qruplarından ibarət millilərinin şərəfini qoruyandan sonra bu il əsas yığmadan dəvət alıb və 2 matçda 1 qolla yadda qalıb.
Vaxtilə “Sanderland”, “Suonsi”, “Cenoa”, “Qroningen” kimi tanınmış komandaların sıralarında olan Joel ötən mövsüm Konfrans Liqasında “Yurqarden”in heyətində 14 oyunda 7 qol vurub.
Cari mövsümdə 12 qarşılaşmada 2 dəfə fərqlənib. Bu futbolçunun azarkeşlər tərəfindən kifayət qədər sevildiyini qeyd etməliyik.
Tam adı Vladimiro Etson Antonio Felix olan “Va” ləqəbli futbolçu “Yurqarden”in yeni transferlərindəndir. Anqolalı forvardın təqdimatının üstündən heç bir həftə keçməyib.
Kipr “Apollon”undan azad agent kimi cəlb olunan Feliksə İsveçdə böyük ümidlər bəslənir. Lakin o da hələ ki, Musa kimi debüt imkanı qazanmayıb.
“Mölbü”dəki çıxışları ilə tanınan 195 sm boya sahib Anders Berqström da hücumçudur. Lakin nadir hallarda şans qazanır ki, 6 oyunda vur-tut 81 dəqiqə meydanda olub.
Adlardan da göründüyü kimi, “Yurqarden”in hücum xəttində Qurbanlıdan başqa 5 futbolçu özünü göstərməyə çalışır. Aralarında ən diqqətçəkəni Asoro ilə Berqdir. Feliksə də böyük ümidlər bəslənir.
Bu o deməkdir ki, Musanı İsveçdə həddən artıq ciddi rəqabət gözləyir. Millimizin üzvü əsas heyətdə möhkəmlənmək üçün İsveç yığmasının faktiki üzvü Asoroya, eləcə də, digərlərinə nəyə qadir olduğunu göstərməlidir.
HƏBİB / SPORTİNFO.AZ

