COP29

Almaniyada çempion olan həmyerlimiz: “Azərbaycan klublarından təklif gəlsə…”

11 İyun 08:40 Bizimkilər 4 684
Almaniyada çempion olan həmyerlimiz: “Azərbaycan klublarından təklif gəlsə…”

Sportinfo.az xəbər verir ki, Almaniyanın aşağı liqa klubu olan "Monheym" formasını geyinən Emin Safixanov sportal.az-a müsahibə verib.

Sumqayıtda dünyaya gələn və sonradan Ukraynaya köçərək futbolçu karyerasına orada başlayan 24 yaşlı müdafiəçi bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarına da cəlb edilib.

Rusiya-Ukrayna müharibəsindən sonra isə həmyerlimiz Almaniyaya köçüb və karyerasına hazırda da burada davam edir.

Başa çatan mövsümdə isə formasını geyindiyi "Monheym"in heyətində çempion olaraq yeni mövsümdən Oberliqaya yüksələn Safixanov 4-cü liqasında oynamağa haqq qazanıb.

- Başa çatan mövsüm sizin üçün necə keçdi? Çempion oldunuz. Yeni mövsümdən Oberliqada oynayacaqsız...

- Mövsüm həm bizim, həm də komandamız üçün yaxşı keçdi. Komandamızın qarşısına məqsəd qoyulmuşdu. Biz də bunu yerinə yetirə bildik. Şadam ki, istədiyimiz nəticəyə çatdıq.

- Almaniyada adətən belə olur ki, aşağı liqalardan gələn komanda qarşısında hədəf varsa, bir neçə ilə Bundesliqaya yüksəlir. Sizin qarşısınızda Bundesliqaya yüksəlmək məqsədi var?

- İndidən bu qədər uzağa gedib, gələcək haqda danışmaq tezdir. İndi tətildəyik. Sonra nəyin necə olacağını görəcəyik. Hər halda, bizim iddialı komandamız var və ən yaxşısı, Almaniya liqalarında üst pillələrdə olub, digər çempionatlara yüksəlmək üçün oynayırıq.

- Sənə Azərbaycan Premyer Liqasında yarışan klublardan təklif var? Ümumiyyətlə, Azərbaycan klubunda oynamaq istəyərdin?

- Azərbaycan klubları ilə heç bir danışığım olmayıb. Təkliflər olarsa, məmnuniyyətlə nəzərdən keçirəcəm. Ancaq olmayan məsələ haqda danışmaq doğru olmaz. Təklif gələr, danışarıq, bu haqda da fikir bildirərəm.

- Müharibə zamanı Ukraynadan Almaniyaya köçdünüz. Ailənlə birlikdə yaşayırsan?Ukraynaya qayıtmaq istəyirsən?

- Mənim ailəm də Almaniyadadır. Müharibənin əvvəlində ölkədən çıxmağı bacardılar. Ukraynada vəziyyət indi çox ağırdır, hələ qayıtmaq fikrində deyiləm. Çünki mənim evim də işğal altındadır. Bu isə vəziyyəti ikiqat mürəkkəbləşdirir.

- Almaniya İkinci və ya Birinci Bundesliqasında oynasan, Azərbaycan və ya Ukrayna yığması böyük ehtimalla sənə dəvət göndərəcək. Seçim etməli olsan, Azərbaycanı, yoxsa Ukraynaya üstünlük verəcəksən?

- Əvvəlcə milli komanda səviyyəsinə çıxmaq lazımdır. Bundan sonra seçim edəcəm. Hazırkı vəziyyətdə isə hansısa seçim etməyim, nəsə deməyim doğru deyil. Çünki bunlar olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"