Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisinin baş məşqçisi Evren Alkaya ölkədə qadın basketbolunun daha yüksək səviyyəyə yüksələcəyinə inanır.
Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə "report"a açıqlama verib.
Komandanın FIBA Avropa çempionatının B divizionundakı çıxışı barədə danışan E.Alkaya düzgün planlaşdırma, daha çox beynəlxalq matç, oyunçuların inkişafına qoyulan sərmayə və klublar səviyyəsində davamlı sistem sayəsində buna nail olacaqlarını bildirib:
"İlk növbədə oyunçularımı və məşqçilər korpusunu təbrik etmək istəyirəm. Çox çətin qrupda mübarizə apardıq. Rəqiblərin böyük əksəriyyəti qadın basketbolunda uzun illərə söykənən ənənələrə, güclü infrastruktura və beynəlxalq təcrübəyə malik ölkələr idi. Bəzi rəqiblərimiz onilliklərdir Avropa turnirlərində iştirak edirlər, Azərbaycan qadın basketbolu isə hələ inkişaf prosesinin mühüm mərhələlərini yaşayır. Düzgün planlaşdırma, daha çox beynəlxalq matç, oyunçuların inkişafına qoyulan sərmayə və klublar səviyyəsində davamlı sistem sayəsində Azərbaycan qadın basketbolunun daha yüksək səviyyəyə yüksələcəyinə inanıram".
Onun sözlərinə görə, turniri yalnız yekun sıralamaya əsasən qiymətləndirmək düzgün deyil:
"İllərlə basketbol mədəniyyəti formalaşdırmış ölkələrə qarşı mübarizə apardıq, onlardan bəzilərini məğlub etdik və bir çox oyunda rəqiblərimizlə başabaş mübarizə apardıq. Bu nəticələr Azərbaycan qadın basketbolunun doğru yolda irəlilədiyini göstərir. Oyunçularımız hər görüşdə ölkəni ən yaxşı şəkildə təmsil etməyə çalışdılar. Meydanda sona qədər mübarizə aparan, təslim olmayan və son saniyəyədək döyüşən bir komanda var idi. Nəticələrdən asılı olmayaraq, oyunçularımızın nümayiş etdirdiyi xarakterlə qürur duyuram. Açığı, İrlandiya ilə ilk matçda əldən verdiyimiz fürsət hələ də yaddaşımızdadır. Həmin qarşılaşmada xüsusilə təcrübə çatışmazlığından qaynaqlanan sadə top itkiləri və həlledici anlarda etdiyimiz səhvlər nəticəyə təsir edən əsas amillərdən biri oldu. Statistikaya baxanda da diqqətçəkən mənzərə ilə qarşılaşırıq. Rəqibimiz 32 cərimə atışı yerinə yetirdi və bunların 26-sını dəqiq tamamladı. Biz isə 16 cərimə atışı hüququ qazandıq və onlardan 14-nü uğurla yerinə yetirdik. Cərimə atışlarının sayındakı böyük fərq oyunun nəticəsinə birbaşa təsir edən amillərdən biri oldu".
Baş məşqçi bəzi hakim qərarları haqqında da danışıb:
"Əlbəttə, hakim qərarları basketbolun ayrılmaz hissəsidir və onlara hörmətlə yanaşmaq lazımdır. Lakin matç ərzində bəzi epizodlarda faul standartının rəqibimizin xeyrinə şərh olunduğunu düşündüyümüz məqamlar da oldu. Buna baxmayaraq, nəticəni yalnız bununla əlaqələndirmirik. Çünki daha az top itkisinə yol versəydik və həlledici anlarda daha düzgün qərarlar qəbul etsəydik, həmin oyunda qalib gələ bilərdik. Bu gün geriyə baxanda İrlandiya üzərində qələbəyə çox yaxın olduğumuzu görürük. Həmin oyunda qalib gəlsəydik, indi Avropanın ən yaxşı 8 komandası sırasında yer almaq şansından danışa bilərdik. Bu, bizi məyus edir, amma eyni zamanda komandamızın əsl potensialını da ortaya qoyur".
Mütəxəssis bildirib ki, turnirin son hissəsində məhdud rotasiyanın təsirini ciddi şəkildə hiss ediblər:
"Xüsusilə İsveçrə ilə matçda oyunçularımız həm fiziki, həm də psixoloji baxımdan xeyli yorulmuşdular. Buna baxmayaraq, meydanda son saniyəyədək mübarizə aparan, oyundan qopmayan və qələbə üçün əlindən gələni edən bir komanda var idi. Qarşılaşmanı son anlarda uduzmaq hamımızı çox üzdü. Məşqçilər korpusu və oyunçular olaraq bu məğlubiyyətin məyusluğunu hələ də birlikdə yaşayırıq. Ancaq oyunçularımın göstərdiyi xarakter, komanda ruhu və fədakarlıq bizim üçün çox dəyərlidir. Ən böyük üstünlüyümüz komanda ruhu və mübarizə xarakteri idi. Heç bir görüşdə asanlıqla təslim olmadıq. Hesab necə olur-olsun, oyunçularımız son topa qədər mübarizəni davam etdirdilər".
E.Alkaya bu basketbolçu nəslinin bir neçə ildir ki, birlikdə oynadığını diqqətə çatdırıb:
"Zaman keçdikcə komanda əsl ailəyə çevrilib. Meydanda bir-biriləri üçün mübarizə aparmaları, çətin anlarda birlikdə qalmaları və millinin formasına bağlılıq ən böyük gücümüz oldu. Heyətdəki bir çox oyunçu rəqiblərindən daha gənc idi. Bu isə xüsusilə həlledici anlarda qərarvermə, topa nəzarət və təzyiq altında düzgün seçim etmək baxımından özünü göstərdi. Lakin biz bunu yalnız çatışmazlıq kimi qiymətləndirmirik. Bu oyunçuların qazandığı hər beynəlxalq matç gələcək üçün mühüm sərmayədir. Bu gün əldə etdikləri təcrübə sabah daha güclü Azərbaycan milli komandasının təməlini təşkil edəcək. Qadın basketbolunun gələcəyinə böyük ümidlə baxıram. Son illərdə U-16, U-18 və U-20 səviyyəsində mühüm beynəlxalq təcrübə qazandıq. Uzun illərdir Avropa basketbolunda söz sahibi olan ölkələrlə aradakı fərqi azaltmağa çalışırıq. Artıq güclü basketbol ənənələrinə malik ölkələrə qarşı təkcə mübarizə aparmır, onları məğlub edə bilir və bir çox oyunu son topa qədər daşıya bilirik. Bu inkişaf prosesi doğru yolda olduğumuzun göstəricisidir. Biz bu komandaya, bu nəslə və Azərbaycan qadın basketbolunun gələcəyinə inanırıq. Çalışmağa, inkişaf etməyə və ölkəmizi Avropada daha güclü şəkildə təmsil etməyə davam edəcəyik".
Azərbaycanın U-20 millisi FIBA Avropa çempionatının B divizionunda 11-ci yeri tutub.

