Bələkdə boğulan, qayğısızlıqdan məhvə məhkum edilən azərbaycanlılar

20 Fevral 2020 10:24 Azərbaycan Futbolu 1 014
Bələkdə boğulan, qayğısızlıqdan məhvə məhkum edilən azərbaycanlılar

AFFA-nın köhnə – yeni rəsmiləri onsuz da isti keçən qış aylarında futbol ictimaiyyətinin əhvalını daha da isidir. Bacarıqsız, məqsədli-məqsədsiz, gündə bir fenomenal “layihə” ortaya atıb, millətin başını qatırlar, futbolun əsas problemləri unudulur…

U-23 mövzusu bitməmiş Meza Kollinin “sezarlığı” müzakirəyə çıxarılıb. Azarkeşlər də artıq sevindiyindən Qətərə bilet sifariş etməyə başlayıb. Paraqvaylı yaxın illərdə Mərkəzi Amerikanın qədim Mayya dövləti ilə vətəndaşı olduğu İtaliyanın Roma imperiyasından calaq düzəldib millimizi finallara daşıyacaq…

Ndukalar, axtyamovlar dərs olmadı. Futbol nə günə salınıb ki, vaxtilə ən yaxşı dönəmlərində Flavinyo, Reynaldo, Vobayın arxasınca qaçan Meza Kollinin indi dalınca sürünülür. Yəqin “italyan”ın lider kimi öz komandası ilə birgə son oyunda “Neftçi”yə qarşı “möhtəşəm” çıxışı mühüm rol oynayıb…

“Bakcell Arena”nın “Skybox”unda yeyib-içənlərin gözləri özləri kimi necə böyüyübsə, pənco-pənco vura-vura futbolsuz qalmış bölgələrimizin üzərindən Paraqvay dağlarının gözəlliyinə aşiq olublar. Sezar da Azərbaycana olan sevgisindən alışıb-yandığını bildirir…

AFFA vasitəsilə ictimaiyyətə çatdırılan məlumat dolayısı rəsmi mövqe, fikir deməkdir. Meza Kolli fasilələrlə 5 ildi Azərbaycanda yaşayır, vətəndaşlıq almaq hüququ var. Ölkə qanunları imkan verir. Bunun üçün federasiyaya nə ehtiyac var, müvafiq qurumlara müraciət edib cavabını gözləyə bilər…

Ölkəmizdə ikili vətəndaşlığa icazə verilmir. Sezar “balta kəsən” italyan pasportunu heç doğma vətəni Paraqvaya dəyişmir, o ki qala Azərbaycan ola… Muzıkaların milliləşməsi dövründən 5-10 yaşlı körpələr 20-25 yaşlarını haqlayıblar. Yetişdirilən, qeydiyyata alınan 200 min (!) futbolçu ola-ola Meza Kolliyə niyə möhtac qalınsın ki?!

Yəqin hələ ki, gözəgörünməz baş məşqçi başbilənlər qarşısında şərt kəsib: “Sezarsız milliyə gəlmərəm”. Cavabdehlər də “məcburiyyətdən” belə addım atmaq istəyinə düşüblər. Bələkdə boğulan, qayğısızlıqdan məhvə məhkum edilən azərbaycanlılar 5-10 il də gözləyər…

İctimaiyyətdə fikirlər dolaşır, dünya futbolu dəyişib, bütün millilərdə milliləşdirilənlər çıxış edir. Həqiqətən müasir futbol çox dəyişib. Balaca, kasıb Xorvatiya əcnəbilərsiz dünya ikincisi olur, finalda oynayır. Heç braziliyalılar, paraqvaylılar ağıllarından da keçmir. Xorvat Prosineçki deyirdi ki, Azərbaycanda istedadlar yetərincədi…

Azərbaycan gənclər arasında Avropa, dünya, olimpiya çempionları yetişdirib. Rusiya çempionumuz da var, hələ La liqada çıxış edən futbolçumuz da olub. Kütləvi olaraq İran, Ukrayna, İsrail çempionatlarında oynayan futbolçuların sayı bilinmirdi…

İndi iranlı, ukraynalı, israilli, türkiyəli, rusiyalı, paraqvaylı, braziliyalı üçüncü “sort” futbolçulara həsrət qalınıb. O vaxt şərait yox idi, futbolçu var idi, indi şərait var, futbolçu yoxdur… Kağız üzərində, meydana çıxanlar az deyil, keyfiyyət qəhətə çəkilib…

Əcnəbi milliləşdirmək olar, say-seçmə, kökümüzdən olan istedadlı futbolçuları… Şeydayev kimiləri… Qalanları isə ölkədə, əsasən bölgələrdə yetişməli, yüksək rəqabət yaradılmalı, meza kollilərə qucaq açılmamalıdır…

Lənkərandan Qusara, Zaqtaladan İmişlıyə, Bakıdan Qazaxa kimi gözü yolda olan, topa, formaya, sadə şəraitə möhtac qalan istedadlar futbolun yolunu gözləyir. Onların nə günahı var?! Azərbaycanlı balaları olmaqlarımı…?! Əcnəbi sevgisindən nə vaxt əl çəkiləcək görəsən?!

Köhnə-yeni AFFA Konfransdan sonra ilk addımlarında belə “layihə”lərlə gündəmə gəlirsə… Bunun altında ətraflarında olan futbol adamlarının vurulması güdülürsə, fərq etməz, illərdi dəstək verdikləri eyni “mətbəxdədilər”…

“Şərait yaradılıb, işləsinlər” düşüncəsinin beyin təfəkkürünə dəyişilməsi zamanı çoxdan yetişib. Oturduqları ağacda budaqların kəsilməsi, daha da nüfuzdan salınması ilə kök düzəlmir…

Meza Kolli ilə nə milli finallar üzü görəcək, nə də Azərbaycan futbolu düzələcək. İtirilən yenə də futbol adına qızıldan qiymətli illər olacaq. O vaxta kimi ki, niyyətlər saflaşmalı, düşüncələr dəyişməli, futbola tam fərqli yanaşma olmalıdır!

TAHİR SÜLEYMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"