Region Liqası komandalarını irəlidə nə gözləyir?

26 Yanvar 2020 22:25 Azərbaycan Futbolu 1 188
Region Liqası komandalarını irəlidə nə gözləyir?

Premyer Liqa və birinci divizion klubları kimi, Region Liqasında mübarizə aparan komandalar da qış fasiləsindədi.

Bu yazıda həvəskar status daşıyan turnirin ilk dövrəsini zonalar üzrə təhlil edib, mövsümün ikinci yarısı ilə bağlı şansları dəyərləndirməyə çalışacağıq.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Əsasnamənin tələblərinə uyğun olaraq, hər zonadan üç komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Öncə Cənub zonasına səyahət edək. 6 komandanın mübarizə apardığı qrupda “Alyans” qış fasiləsinə lider kimi yollansa da, “TST Astara” ilə “Ümid”in isti nəfəsini kürəyində hiss edir. Astara təmsilçisinin bir oyun az keçirdiyini nəzərə alsaq, cənub zonasında ikihakimiyyətliyin olduğunu deyə bilərik.

Astaralıların mövsümün əvvəlində qrupun autsayderlərindən biri olan “Şıxlar”la oyunu təxirə salınmışdı. Ümumiyyətlə, Astara komandasını cari mövsümün tapıntısı kimi qiymətləndirmək lazımdı.

Komanda keçirdiyi 8 oyunun heç birində məğlub olmayıb, əsas rəqibi “Alyans”ı isə Lənkəranda yenməyi bacarıb. 4-cü pillədə qərarlaşan “Neftçala” nəzəri cəhətdən ilk “üçlüy”ə düşmək şansını saxlasa da, fasilədən sonra bunu bacaracağı inandırıcı görünmür. Rayonun eyniadlı təmsilçisi heyət baxımından da ilk “üçlük”dəki komandalardan zəifdi.

“Şıxlar və “Ərkivan” isə zonanın aşkar autsayderləri, digər komandalar üçün 3 xal mənbəyidi. İstər Qobustan, istərsə də Masallı kollektivinin qarşıdakı matçları formal xarakter daşıyacaq. Məhsuldarlıq baxımından qrupun ən sərrast komandası “Alyans”dı. Lənkəranlılar meydana çıxdıqları 9 oyunda rəqib qapılarından 22 top keçiriblər. Zonanın ən sərrast oyunçusu da bu kollektivin üzvüdü. Zaur Nuruzadə 7 qolun müəllidi. “TST Astara” isə etibarlı müdafiə xətti ilə öyünə bilər.

Bu komandanın azarkeşləri 8 görüşdə cəmi 5 dəfə məyus olublar. “Ərkivan”ın arxa xətti isə “açıq qapı” təsiri bağışlayır. Masallı futbolçuları 26 dəfə topu tordan çıxarmaq məcburiyyətində qalıblar. İlk dövrənin nəticələrini və komandaların qış fasiləsindən sonrakı durumunu nəzərə alıb demək olar ki, cənub zonasını pley-off mərhələsində “Alyans”, “TST Astara” və “Ümid” təmsil edəcək. Sadəcə, hansı komandanın qrupu neçənci yerdə başa vuracağı çox maraqlıdı.

Liqada ən güclü komandaların Şimal zonasında yer aldığı hamıya məlumdu. Liqanın ikiqat qalibi “Uğur” 2019/20 “futbol ili”ndə də çempionluğa əsas namizədlərdən biri sayılır.Sumqayıtlılar Qusar “Şahdağ”ilə eyni xal toplasa da, top fərqinə görə turnir cədvəlində ilk pillədə qərarlaşıblar.

Qəzənfər Abbasovun çalışdırdığı komandanın hücum potensialı çox yüksəkdi ki, bunu statistikadan da görmək mümkündü. “Qırmızı-qaralar” 8 oyunda 44 dəfə fərqləniblər ki, bu da orta hesabla hər matça 5,5 qol deməkdi. Müdafiədə inamlı oyunu da qeyd etmək lazımdı. Şimal zonasının lideri qapısında cəmi 4 qol görüb.

Fasilədən sonra “Uğur”un əsas futbolçularından biri sayılan Sabir Allahquliyevin MOİK-ə keçəcəyi gözlənilir. Ancaq heyətdə təcrübəli futbolçuların çoxluğunu nəzərə alanda, ucaboy forvardın gedişini itki kimi qiymətləndirmək olmaz. Çempionluğa iddialı “Şahdağ” da qışa qədər inamlı oyunu ilə yadda qaldı.

Məğlubiyyət acısı yaşamayan Kamran Əlibabayevin yetirmələri “Uğur” kimi çox qol vurmasa da, “beton” müdafiəsi ilə seçildi. Qusarlılar liqada çıxış edən komandalar arasında ən az qol buraxan kollektivdi. 8 matçda rəqiblər “Şahdağ”ın qapısından cəmi 2 top keçirib.

Qrup üçüncüsü olmaq üçün isə üç komanda vuruşur. Quba “Şahdağ”ı, “Şirvanovka” və “Qusar” pley-offa düşmək uğrunda mübarizə aparırlar. Qubalılar hazırda 15 xalla 3-cü yerdə qərarlaşsalar da, digər iki komanda ilə aralarında xal fərqi 3-ə bərabərdi.

Quba komandasının maliyyə çətinliyi yaşadığını və əsas futbolçularının kənardan gəldiyini nəzərə alsaq, qışdan sonra onlar üçün yerini qorumağın çətin olacağını düşünmək mümkündü. “Şirvanovka” isə pullu komanda hesab olunmasa da, yerli futbolçularının sayəsində tarixində ilk dəfə pley-off həyəcanı yaşaya bilər.

Təbii ki, qış fasiləsində oyunçularını başqa komandalar “oğurlamasa”. Liqanın debütantı “Qusar”ın da bu yöndə şansı var.

Ancaq komandanın yarış təcrübəsi az olduğundan bu şanslar cüzidi. Qrupda yer alan “Xudat”, “Qardaşlar” və “İrəvan”a isə bundan sonrakı oyunlarda, sadəcə, futboldan həzz almaq qalır. “Qardaşlar”ı Region Liqasının ən qonaqpərvər komandası saymaq olar. Qapısında 69 qol görən kollektiv bu yöndə liqada birincidi.

5 komandanın çıxış etdiyi Mərkəz zonasında “Ağsu Siti” inamla turnir cədvəlinə başçılıq edir. Samir İsayevin çalışdırdığı komanda əsas rəqibi “Şamaxı”dan 8 xal çox toplayıb. Ağsuluları artıq indidən pley-offa vəsiqə qazanmaq münasibəti ilə təbrik etmək olar. Lakin komandanın hazırda maliyyə çətinliyi ilə üzləşdiyini nəzərə alsaq, hələ bilinmir ki, fasilədən sonra fəaliyyətini davam etdirəcək, ya yox. Bugünlərdə bir qrup ağsulu ağsaqqal SOCAR-ın vitse-prezidenti, əslən bu rarondan olan Mikayıl İsmayılova müraciət ünvanlayıblar və xahiş ediblər ki, komandaya maliyyə yardımı göstərsin. Əks halda “Ağsu Siti”nin ayaqüstə qalması çətin olacaq. Əvəzində “Şamaxı”nın maliyyə vəziyyəti ürəkaçandı. Rayonun icra başçısının futbola olan sevgisi komandaya da təsir göstərib. Mirzə Ələkbər Sabirin həmyerliləri fasiləyə ikinci pillədə yollansa da, böyük ehtimalla həlledici mərhələyə vəsiqə qazanacaqlar. Kənan Mahmudov bu arada heyəti gücləndirmək üçün real addımlar atır. Qrup üçüncülüyü yönündə isə əsas mübarizə “Mil” ilə “İmişli” arasında yaşanacaq. “Araz”ın xala həsrət qaldığı qrupda Beyləqan təmsilçisi ilə İmişlinin eyniadlı komandasının şansıları 50-nin 50-yədi.

Qərb zonasında “Energetik”in 1/8-ə yüksələcəyinə heç kim şübhə etmir. Ötən mövsüm mübarizəni yarımfinalda dayandıran “işıqçılar” bu dəfə minimum “dördlər finalı”nda çıxış etməyi hədəfə alıb. “Şəki” qışa qədər yaxaladığı tempi fasilədən sonra da davam etdirə bilsə, ilk dəfə pley-off həyəcanı yaşaya bilər. Qərbin 3-cü komandasının “Qoşqar UGİM-2” və ya “Göyəzən” olacağını zaman göstərəcək. Fasiləyə qədər Gəncə təmsilçisi 8 xal toplamaqla qazaxlıları 1 xal qabaqlayır. Ancaq Elxan Muradovun çalışdırdığı komanda üçün minimal fərqi aradan qaldırmaq o qədər də çətin görünmür.

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!