"AFFA-dan təklif almışam? Allah ağzınızdan eşitsin"

25 Yanvar 2020 23:00 Azərbaycan Futbolu 1 254
"AFFA-dan təklif almışam? Allah ağzınızdan eşitsin"

Bir neçə ay əvvəl Nazim Süleymanovun rəhbərliyi ilə yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sıraları seyrəlməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Əfqan Talıbovla Babək Alxasov sözügedən təşkilatdan ayrılıb.

Yaradıldığı gündən ittifaqa üzv olan hər iki şəxsin AFFA-dan iş təklifi aldığı, təşkilatdan buna görə ayrıldıqları ilə bağlı xəbərlər yayılıb.
Mütəxəssislərlə əlaqə saxlayıb, ayrılığın səbəblərini öyrəndik (Futbol+).

Əfqan Talıbov işləmək istədiyini, amma hələ ki AFFA-dan təklif almadığını bildirdi: “Buna ayrılmaq deməzdim. Ora könüllü üzv olmuşdum, könüllü də azad oldum.

Həmkarlar İttifaqı da futbola xidmət edən təşkilatdı. Ordakılar da sabiq futbolçular, futbol ictimaiyyətinin üzvləridi. Sadəcə, mən vaxtımı daha çox başqa işlərə, ailəmə sərf edirəm.

5 ildi işsizəm. Bu gün Həmkarlar İttifaqının hələ ki qeydiyyata alınmaması, bu mənada gecikməsi, müəyyən tədbirlərə dəvət olunmamağımız Azərbaycan futbolunun problemlərində iştirakımızı məhdudlaşdırır.

Könüllü olaraq ittifaqın üzvü olmuşdum, 6-7 ay birlikdə olduq. Heç bir problem yoxdu, sadəcə, belə qərara gəldim ki, ayrılım. Hamı çalışır ki, Azərbaycan futbolunun problemlərindən kənarda qalmasın, əksinə həllində iştirak etsin.

Biz məşqçiyik, məşqçilik fəaliyyəti ilə məşğul olmalıyıq. Mən bu gün futbolun siyasəti ilə məşğul olmalı deyiləm. İstəmirəm ki, futboldan məşqçi kimi kənarda qalım. O ki qaldı AFFA-dan iş təklifinin olmasına, mənə belə bir təklif gəlməyib.

Dəfələrlə Məşqçilər Komitəsinə, AFFA-nın işçilərinə müraciətlərim olub. Ümumilikdə işdən, məşqçilik fəaliyyətindən kənarda qalmışam. İşləməlisən ki, gündəmdə olasan. Faktiki, tədbirlərdə iştirak etmirəm, oyunlara getmirəm. Bunlar mənim mənfi cəhətlərimdəndi.

Dəvət olunmuramsa, deməli, özüm də fəallıq göstərmirəm. Belə qərara gəlmişəm ki, artıq fəallıq göstərim. Bizim nə yaşımız var ki, futboldan kənarda qalırıq? Üç-dörd ildi məşqçi kimi fəaliyyət göstərmirəm.

Bundan sonra çalışacam ki, tədbirlərə qatılım, stadionlara gedim. Özümü məhdudlaşdırmışam, futboldan kənarlaşdırmışam. Təbii ki, gündəmdə ola bilməsən, heç kimin yadına düşməyəcəksən. Hər insan futbola töhfə verə bilər. O insanlardan biri də mənəm”.

Babək Alxasov isə ayrılığın səbəbini belə əsaslandırdı: “Təyinatı üzrə işləyə, Azərbaycan futboluna xeyir verə bilmədik. Təşkilat hələ qeydiyyatdan keçməyib, tanınmır. Ora elə-belə gedib-gəlməkdənsə, başqa iş görmək daha yaxşıdı.

Heç kim təşkilatı tanımır, yaxşı, bəs bunun axırı necə olacaq? Artıq söz-söhbətlər yaranmışdı, iki qurum bir-biri ilə mübarizə aparır. Veteranlar İttifaqı ilə mübahisələr, intriqalar olur.

Günümüzün-güzəranımızın pis vaxtında bu bizə lazımdı? Ömrümüzün yarısı da belə mübarizələrlə keçib. Ona görə də bu qərarı verdim. AFFA-dan təklif almışam? Doğru olacaqsa, Allah ağzınızdan eşitsin. Hələ belə məsələ yoxdu.

Mənə iş təklif olunmuşdu, Yaşar Vahabzadə (“Kəpəz”in baş məşqçisi – red.) Gəncəyə gedəndə dedi ki, gedək mənimlə, köməkçi məşqçi kimi çalış. Onda bir az ailə problemlərim vardı, bu üzdən təklifi qəbul edə bilmədim.

AFFA-dan mənə qarşı heç bir ayrı-seçkilik olmayıb. AFFA-nın Həmkarlar İttifaqının üzvü olarkən, mənə iş təklif olunmuşdu, amma qəbul etmədim. Şəhərdən kənarda olduğu üçün qəbul edə bilmədim. Amma hələ ki başqa təklif olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"