Azərbaycan futboluna BÖYÜK PULLAR AXACAQ – SPONSOR QAPIDADIR

1 Mart 2021 20:20 Azərbaycan Futbolu 2 398
Azərbaycan futboluna BÖYÜK PULLAR AXACAQ – SPONSOR QAPIDADIR

AFFA yeni tərəfdaş tapıb.

Bu, Türkiyənin məşhur «Demirören» Holdinqidir.

Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə imzaladığı sərəncama uyğun olaraq, nazirliklə Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti ilə müqavilə imzalanıb.

“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir.

Şirkətlər qrupu həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib.

Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur. “Demirören Holding” həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir.

Media qrupuna "CNNTürk", "Kanal D" kimi məşhur teleradio kanalları, "Milliyət", "Hürriyyət", "Vətən", "Posta" və s. qəzetlər daxildir.

Yeni anlaşmaya əsasən, Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.

"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev hesab edir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya" olacaq:

"Sadəcə, idarəetmə Türkiyə şirkətinə veriləcək. Düşünürəm ki, mərc oyunları operatoru öz adı ilə fəaliyyət göstərəcək.

Bu, mənim subyektiv fikrimdir. Çünki artıq bu şirkətin özü brendə çevrilib. İstənilən halda, hər şey Türkiyə şirkətinin səlahiyyətindədir. Bilmirəm, bəlkə də adı dəyişər".

İdarə Heyətinin sədri mərc oyunlarına nəzarəti yenə "Azəridmanservis" MMC-nin həyata keçirəcəyini diqqətə çatdırıb:

"Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı "Azərinteltek" olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən "İntralot"dan qidalanıb.

İdarəetməni həyata keçirən yeni şirkətin adı isə "Caspian Tech"dir. O isə artıq Azərbaycan şirkətidir. "Azəridmanservis" Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu".

Yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.

İqtisadiyyat Nazirliyi ilə sözügedən şirkət arasında bağlanmış razılaşmadan ölkə futbolu da bəhrələnəcək.

«Demirören»in idarəetməsinə veriləcək idman mərc oyunları operatoru AFFA ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq. Şirkət futbol sektorundan əldə edəcəyi vəsaitin müəyyən bir hissəsini federasiyanın hesabına köçürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti