COP29

Bu, həmin Samir Abasovdur!

10 Dekabr 2024 15:00 Azarkeş 1 046
Bu, həmin Samir Abasovdur!

Samir Abasovun qonaq qismində Sumqayıt səfəri uğursuz oldu.

Onun rəhbərliyi altında "Neftçi" prinsipial matçda "Sumqayıt"a uduzdu - 0:2.

Turnir cədvəlində mövqeyini düzəltmək baxımından qələbə "ağ qaralar"a hava-su kimi lazım idi.

Belə məqamda gələn məğlubiyyət təcrübəli mütəxəssisin kefini korlamaya bilməz.

Amma düşünürəm ki, həmin gün məğlubiyyətdən çox meydan sahiblərinin bir qrup azarkeşinin atdığı addım Abasovu daha çox üzdü.

Söhbət fanatların 90 dəqiqə sabiq baş məşqçinin ünvanına səsləndirdiyi təhqiramiz şüarlardan gedir.

Fanatlar bəzən əndazəni aşmaqdan belə utanmadılar.

Amma çalışdırıcı səbrini boğub, sona kimi peşəkar davranış göstərərək onlara heç bir reaksiya vermədi.

Lakin əminəm ki, daxilində deyəcək çox sözləri vardı.

Axı söhbət "Sumqayıt" tarixinin ən uğurlu iki baş məşqçisindən biri olan şəxsdən gedir.

Abasovun birinci "Sumqayıt" dönəmi də yadda qalan olmuşdu. Yaxşı kollektiv formalaşdırıb, az parlaq qələbələr qazanmamışdı.

İkinci dönəmində isə xüsusilə yadda qalan işlər görmüşdü.

Birinci mövsümündə belaruslu Aleksey Baqanın yanıüstə qoyduğu komandanı Birinci Liqanın qapısından son anda geri qaytara bilmişdi.

Ötən mövsüm isə indi çalışdırdığı "Neftçi"ni avrokuboklardan kənarda qoyaraq "kimyaçılar"ı Konfrans Liqasına aparmışdı.

Belədə dünən onu ayaqüstə alqışlayan, bağrına basan adamların bu gün təhqir etməsinə təəssüf etməsi başadüşüləndir.

Görünür, yerli publika yaxın keçmişi çox erkən unudub.

Əslində bu bizə tanış mənzərədir.

Axı oxşar hadisə klub tarixinin ən uğurlu baş məşqçisi olan Ayxan Abbasovun da başına gəlmişdi.

"Kimyaçılar"ı iki dəfə avrokuboklara aparan, bir dəfə bürünc medal qazandırıb, iki dəfə ölkə kubokunun finalına daşıyan Abasovun şəhərə dönüşü sükutla qarşılanmışdı.

Halbuki quruca alqışı əsirgəməmək olardı.

Bu cür qərar verənlər gərək mənəvi məsələlər barədə bir qədər dərin düşünsünlər. Ən azı növbəti dəfə eyni hal təkrarlanmasın deyə. Axı söhbət 75 yaşlı şəhərin futbol azarkeşlərindən gedir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti