“Belə gücənə-gücənə futbola baxmaqdansa, "Cehizsiz gəlinlər" serialına baxmaq daha yaxşıdı”

5 Avqust 2017 18:48 Azarkeş 1 002
“Belə gücənə-gücənə futbola baxmaqdansa, "Cehizsiz gəlinlər" serialına baxmaq daha yaxşıdı”

“Qarabağ”ın mərhələ adlaması və tarixində ilk dəfə Çemionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması futbol ictimaiyyəti və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Sosial şəbəkələrdə həm matçın yayınlanmaması, həm də Ağdam klubunun uğuru ilə bağlı maraqlı paylaşımlar ediblər. Odu ki, sizi onlardan bəziləri ilə tanış edirik (Futbol+).

Sənan Şəfizadə (ATV-nin əməkdaşı): “Evdəkilər də deyir oğlum futbola baxır. Belə futbola baxarlar? Nəhayət. Çoxdan gözlədiyimiz Çempionlar Liqasının əzəmətli musiqisi Tofiq Bəhramov adına Respublika stadionunda səslənəcək. Təşəkkürlər, "Qarabağ"! Təbriklər, Azərbaycan!” Elnur Məmmədli (“CBC Sport”un əməkdaşı): "Şerif" oyunun təkrarını 1500 avroya satır. İstəyən var?”

Bəhram Bağırzadə (“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü): “Azərbaycan futbolunda yeni səhifə. Ölkə çempionu "Qarabağ" tarixdə ilk dəfə Çempionlar Liqasında pley-offa yüksəldi. Qurban Qurbanov italiyalı həmkarının komandası üzərində layiqli səfər qələbəsiylə tarix yazdı. İndi ÇL-də qrup mərhələsinə bir addım qaldı. "Qarabağ"a və Qurban Qurbanova inanırıq. ÇL-də qələbəmiz mübarək. Təbriklər, Azərbaycan!”
Gündüz Abbaszadə (“CBC Sport”un əməkdaşı): “Mən birinci oyunda demişdim axı?! Dino Ndlovu! Növbəti oyunda yayın problemi olmayacaq! Hər iki oyunu mütləq izləyəcəyik. Təbriklər, "Qarabağ"!”

Tahir Süleymanov (sabiq FİFA referisi): "Qarabağ" Azərbaycan futbolunda yeni tarix yazdı! Bu tək "Qarabağ"ın yox, Azərbaycan futbolunu istəyənlərin qələbəsidi! Azərbaycan futbolunu məhv edən şura, komitə ideoloqları, gedin, "Qarabağ"la "Qəbələ"nin də dağıdılması planlarını cızın. "Qarabağ" rəhbərliyi, məşqçiləri, futbolçuları, azarkeşləri, Azərbaycan futbolunu ürəkdən sevənləri tarixi zəfər münasibətilə təbrik edirəm!”

Natiq Muxtarlı (jurnalist): “Neftçi” azarkeşi olan əmim mesaj yazıb: “Natiq, xahiş edirəm, sosial şəbəkədə mənim adımdan yaz ki, “Neftçi”nin başbilənləri “Qarabağ”ın oyununa baxıb utansınlar”. Əmi, yazdım. Amma utanmayacaqlar. Onlarda utanan sifət olsaydı, gedib bacardıqları işlə məşğul olardılar”.

Anar Şabanoğlu (jurnalist): “Açıq desək, potensial rəqiblərdən “Olimpiakos” xaric heç biri ÇL-lik komanda deyil. Başqa arzuolunmaz rəqiblər də var. Məsələn, “Slaviya”. Amma ümumilikdə ÇL-in qrupuna düşmək üçün daha zəif rəqibləri arzulamaq olmazdı. “Olimpiakos” və “Slaviya” düşməsə, “Qarabağ”ı qrupda görəcəyəmizə inanıram. Hətta bu rəqiblərlə qarşılaşsaq, ona kimi lazımi transferlər edilsə, yenə qrupa yüksələ bilərik. Transfer etmək və yeni oyunçuların komandaya uyğunlaşması üçün iki həftə vaxt var. Bir məsələ də var ki, bəzi qeyrətoidlər və sabunsuz həmkarlar "Qarabağ"ı bir mərhələ də irəli atıb özlərini qrup mərhələsinin oyunlarında “Barselona”, “Real”, “Mançester Yunayted”, “Bavariya” səfərlərində görür. Yaltaqlıq heç kimə, xüsusən jurnalistlərə yaraşmır və kənardan çox pis görünür. Növbəti mərhələ keçilməsə, xəlvətə dürtülməmək üçün eyforiyaya qapılmayın. Püşkatmadan sonra ümidsizliyə qapılmamaq üçün bütün potensial rəqiblərə baxın. Onların arasında “Samtredia” və “Şerif” səviyyəsində komanda yoxdu. “Birlik kuboku” bitdi. ÇL başlayır”.

Elmar Abdullazadə (jurnalist): “Belə gücənə-gücənə futbola baxmaqdansa, "Cehizsiz gəlinlər" serialına baxmaq daha yaxşıdı”.

Natiq Cəfərli (iqtisadçı): “Az.TV bütün günü boş və bayağı tərif yağdırır, dövlət büdcəsindən milyonlarla vəsait alır, şirkətlər zorla reklam verməyə məcbur edilir, amma “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyi tarixi oyunu efirə verməyə pul tapmır. Ayıbdı, sadəcə, ayıbdı! Təşəkkürlər, "Qarabağ"!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti