20 iyul, 2016-ci il, "Kəpəz"lilərin səbrsizliklə gözlədiyi o gün... "Kəpəz" - "Admira" matçı. Üzərindən 1 il keçməsinə baxmayaraq, bu tarixi oyunu çoxları kimi, mən də yaxşı xatırlayıram. Nəticəsi məğlubiyyət olsa belə, sözügedən qarşılaşmanın demək olar hər bir detalı yadımdadı. Müxtəlif sosial şəbəkələrdə ara verməyən müzakirələrdən ta ki, oyunda baş verənlərədək.
Bakıya səfərimiz həmin gün saat 12:00 üçün planlaşdırılsa da, səhər 8-dən doğma stadionda toplaşanlar az deyildi. Elə mənim kimi. Əslində, ev oyunlarında fanatları bir araya gətirməli olan stadion bu dəfə azarkeşlər üçün sadəcə, görüş ünvanı idi.
Bütün bunlara baxmayaraq, əhvalımızı pozmayıb, "Kəpəz"ə dair şüarlar söyləyərək böyük ümidlərlə yola düşdük. Nəfəskəsən istidə qrup şəklində səfərimiz və yolboyu dəstəyimiz çoxlarının diqqətini çəkirdi...
Nəhayət, Bakıya, daha dəqiq desək, "Dalğa Arena"ya çatdıq. Hər bir azarkeş kimi, biz də biletlərimizi alıb, stadiona daxil olacağımız sıranı gözlədik. Girişdə qarşılaşdığımız mənzərə isə əminəm ki, çoxlarını təəccübləndirdi. Bu cür yoxlama heç dünya futbolunda görünməmişdi. Keşməkeşli yollarlada olsa, sonunda VIP sektorun yanında öz yerimizi aldıq.
Komandamızı hələ məşq zamanı yüksək əhval-ruhiyyə ilə dəstəkləməyə başladıq. Beləliklə, maraqla gözlənilən matçının start fiti səsləndi. İlk dəqiqələrdə hər şey "Kəpəz"lilərin ürəyincə idi, 17-ci dəqiqədə qapımıza vurulan qola kimi. Buna baxmayaraq, tribunalarda Gəncədən gəlmiş xeyli sayda fanatn dəstəyi ara vermək bilmirdi. Lakin 22-ci dəqiqədə daha bir arzuolunmaz qolun şahidi olduq.
Avstriyalıların fərqləndiyi epizod qaydalara zidd olduğu üçün qeydə alınmadı. Nəticədə, "Kəpəz" fasiləyə minimalhesablı məğlubiyyətlə yollandı. Bu ərəfədə isə sanki "Dalğa Arena"da "Bakı bazarı" qurulmuşdu. Yüksək temperatura tab gətirməyən azarkeşlər su satanları, ən azı, rəqib oyunçular qədər sevindirirdi. Bakıda tək hava yox, qiymətlər də od saçırdı...
Və budu, böyük ümidlər bəslənilən ikinci hissə başladı. Yeni transferlərin də fərqlənmək istədiyi oyunda mübarizə öz axarıyla davam edirdi. Ancaq 75-ci dəqiqədə yenə qarşı tərəf sevindi. Baxmayaraq ki, "Admira" artıq növbəti mərhələyə vəsiqə qazanmışdı, "Kəpəz" azarkeşləri yenə də ümidini itirmirdi. Ancaq təəssüflər olsun ki, gözlədiyimiz təsəlli qolu reallaşmadı və matç 0:2 hesabıyla başa çatdı.
Yenə də biz azarkeşlər "sarı-göylər"ə öz dəstəyimizi nümayiş etdirib, Premyer Liqada uğurlar arzulayıb, alqışlarla yola saldıq. Əlqərəz, maraqlı günün sonuna Gəncəyə çatdığımız vaxt, gecə saatlarında yekun vuruldu.
Bu mövsüm "Kəpəz" 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İlk 4-lükdə yer almadığına görə bu mövsüm Avroliqa həyəcanını yaşamır. Amma hər bir gəncəli kimi, mən də "sarı-göylər"i yenidən Avroliqada görmək arzusuyla yaşayıram.
Baş məşqçimiz Şahin Diniyevin göstərişləri ilə "yenilməz armada"nın qarşısı alınmaz mübarizəsinin şahidi olmaq, komandamızı çoşquyla dəstəkləmək istəyirəm. Eyni zamanda, bu gün keçiriləcək ikinci mərhələnin oyunlarda hər üç Avroliqa təmsilçimizə və fanatlarına ayrılıqda uğurlar arzulayıram.
Anar Əliyev / "Kəpəz" fanatı

