Premyer Liqanın qapıları onların üzünə bağlanmamalıdır - PROBLEM

13 İyul 2021 10:40 Azarkeş 1 188
Premyer Liqanın qapıları onların üzünə bağlanmamalıdır - PROBLEM

Azərbaycanlı futbolsevərlərin çoxdan gözlədiyi, «bu gün bilinər», «sabah bilinər» xəyalı ilə yaşadığı qayıdış xəbəri, nəhayət, açıqlandı.

Rəsmən elan edildi ki, klublarımızn avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Azərbaycan təmsilçilərindən ilk olaraq, "Neftçi" Gürcüstandan "Dinamo"nu (Tbilisi) Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.

İyulun 22-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq. Bu görüş saat 20:00-da başlanacaq.

"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

Bu, mühüm xəbər olmaqla yanaşıı, klublar adına böyük irəliləyişdir. Azarkeşsiz nə futbol..?

Onun ləzzəti, dadı-duzu tribuna əhlidir. «12-ci oyunçu» ifadəsi elə-belədən yaranmayıb ki…

Bu qərarla iki sevgilinin bir-birinə qovuşmasına rəsmən icazə verildi. İndi sıra azarkeşlərdədir: həqiqətən böyük bir gjüc olduqlarını, doğma komandalrının arxasında dayana bildiklərini göstərməlidirlər.

Bu birlik, bu vəhdət, bu təzyiq artıq sosial şəbəkələrdən stadionlara «transfer olunmalıdır». Klublarımız görməlidir ki, tribuna əhli öz yerini alıb və onları qələbəyə ruhlandırır.

Stadiona gəlib sakitcə dayanmaq, tum çırtlamaq, ara-sıra qışqır-bağırmaq salmaq hələ azarkeşlik demək deyil. «12-ci oyunçu» oyunun əvvəlindən ta axırına kimi sevimli futbolçularını ruhlandırmalı, qələbəyə inandırmalıdır.

Çox yaxşı olar ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın gələcəkdə Premyer Liqanı da nəzərə alsın.

Təqribən 1 ay sonra ölkə çempionatında yeni mövsümün startı veriləcək. Qərargah AVRO-2020-nin final mərhələsinin Bakıda keçirilən 4 qarşılaşmasına fanatların buraxılmasına icazə verdi.

Eyni qaydalar daxilində klublarımızın avrokubok matçlarını da tamaşaçılar yerində izləyə biləcək.

Bunlara icazə veriləndən sonra Premyer Liqanın qapılarının «12-ci oyunçu»nun üzünə bağlanması heç də birmənalı qarşılanmayacaq və futbolsevərləri küsdürəcək.

Premyer Liqanın azarkeş ordusu geniştərkibli olmasa da, yalnız Bakının sərhədləri ilə məhdudlaşsa da, hər halda yaddan çıxarılmamalıdır ki, futbol sevgisi yaşa, başa baxmır.

Bakıda keçirilən AVRO-2020-nin oyunlarına giriş qiymətləri 80-100 manatdan başlayırdı və etiraf etmək lazımdır ki, bu, bir çox yerli fanatın stadionda olmaq arzusunu gözündə qoydu.

UEFA-nın müəyyənləşdirdiyi qiymət siyasəti, həmçinin COVİD-19 pandemiyasından irəli gələn yenilik/qərarlar/məhdudiyyətlər şəhər publikasına əlavə çətimlik yaratdı.

Həmin məbləği ödəməyə hər kəsin gücü çatmayan tərəfdarları Premyer Liqa ilə ovundurmaq indi AFFA-nın mənəvi borcudur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı