
Azərbaycanlı velosipedçilər Samir Cəbrayılov və Musa Mikayılzadə Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında ən güclülər sırasına düşüblər.
Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət Elit/U23 millinin üzvləri üçüncü mərhələdə finiş xəttini liderlər qrupunda keçiblər.
Fotofinişə əsasən, S.Cəbrayılov (03:06:42) 5-ci, M.Mikayılzadə (03:06:42) 6-cı yeri tutub. Hər iki idmançı mərhələnin qalibi olan Serbiya təmsilçisi Luka Turkulovla eyni göstəriciyə imza atıb.
Azərbaycan yığmasının digər velosipedçilərindən Şahin Eyvazov (03:06:44) 13-cü, Kamran Mirzəxanov (03:07:48) 22-ci, Nəcəf Bağırov (03:16:29) 39-cu yerlə kifayətləniblər.
Şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil edilən 5 mərhələli veloturun 3-cü yarış günündə 9 ölkədən (Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya, Böyük Britaniya) 11 komandanın tərkibində ümumilikdə 57 idmançı mübarizə aparıb. Velosipedçilər Elbasan-Vlore marşrutu üzrə 142 km məsafə qət ediblər.
Üç mərhələnin yekununa əsasən, ümumi təsnifatda M.Mikayılzadə (09:49:42) 5-ci, S.Cəbrayılov (09:51:00) 7-ci, Azərbaycan millisi (29:36:41) isə 6-cı yerdə qərarlaşıb.
İkinci mərhələdə Azərbaycan velosipedçilərindən ən yaxşı nəticələri Musa Mikayılzadə və Kamran Mirzəxanov göstəriblər. Mikayılzadə (03:21:45) 13-cü, Mirzəxanov (03:21:45) 14-cü yeri tutub.