Bakıda istəyinə çatdı: ”Hisslərimi ifadə edə bilmirəm, özümlə fəxr edirəm” - FOTOLAR

1 İyun 2022 03:30 Atıcılıq 481
Bakıda istəyinə çatdı: ”Hisslərimi ifadə edə bilmirəm, özümlə fəxr edirəm” - FOTOLAR

Bakıda keçirilən Dünya Kubokunda tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib.

Sportinfo.az xəbər verir ki, Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə çalıb.

Eyni növdə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 üstələyib və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.

Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.

Dünya Kuboku turnirində kişilər arasında tapançadan atəşaçma üzrə komanda yarışında qızıl medal qazanan İran komandasının üzvləri Bakıda keçirilən Dünya Kubokunun Olimpiya oyunları səviyyəsindən də yüksək olduğunu bildiriblər.

Cavad Foruxi: “Çempion olduğumuz üçün çox şadam. Həqiqətən, burada möhtəşəm şərait var. Sözün açığı, hisslərimi ifadə edə bilmirəm. Belə gözəl yarışda, möhtəşəm məkanda qalib olduğum üçün özümlə fəxr edirəm”.

Sacad Lafmejani: “Təəssüflər olsun ki, fərdi yarışlarda qələbə qazana bilmədik. Azərbaycanda keçirilən Dünya Kubokunda güclü idmançılar iştirak edir. Bu da bizə bir az çətinlik yaratdı. Atletlərin hamısı yüksək səviyyəli idmançılardır. Açığı, təşkilatçılıq Olimpiya oyunlarındakından da əladır. Elə ölkələr var ki, Dünya Kuboku yarışlarını normal keçirə bilmir. Azərbaycan bu baxımdan digərləri üçün örnəkdir. Həqiqətən, təşkilatçıların çox əziyyət çəkdiyini görürük. Buna rəğmən, hər şey mükəmməl səviyyədədir. Bu turnirdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Komanda yarışlarında qalib olmaq bizim üçün fəxrdir. Bir daha bildirim ki, yarışlar çox gərgin keçir. Hiss olunur ki, avropalı idmançılar artıq asiyalılara çatırlar”.

Məhəmmədrəsul Efati: “Çempion olduğum üçün xoşbəxtəm. İtaliya ilə final matçı olduqca çətin keçdi. Demək olar ki, onlarla başa-baş mübarizə apardıq. Amma çempion olacağımıza əmin edim. Komanda yoldaşlarımla birgə əziyyət çəkərək çempion olduq. Bu da məni çox sevindirir. Azərbaycana belə möhtəşəm yarışı təşkil etdiyi üçün xüsusi təşəkkür edirəm”.

***

Bakı 2022 Dünya Kubokunda bu gün tapançadan atəşaçma üzrə qadınların komanda yarışında koreyalılar tailandlıları önləyib.

Stend açılığının səngər növü üzrə qızıl medal uğrunda yarışda ABŞ komandasının qadınları avstraliyalıları udub, kişiləri isə küveytlilərə uduzub.

Dünya Kuboku uğrunda final yarışlar sabah stend atıcılığının səngər növündə qarışıq komanda üzrə davam edəcək.













Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!