"Özümlə fəxr edirəm ki, bunun öhdəsindən gəldim"

21 Avqust 2023 03:10 Atıcılıq 1 628
"Özümlə fəxr edirəm ki, bunun öhdəsindən gəldim"

Atıcılıq üzrə dünya çempionatının gərgin qrafiki bu gün qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışda qızıl medalı Slovakiya təmsilçisi 54 xalla Danka Bartekova qazanıb.

25 illik karyerasında ilk dəfə dünya çempionu olmasının sevincini yaşayan 39 yaşlı atlet mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib. Bartekova qızıl medalla bağlı təəssüratlarını bölüşərək, əməkdaşımızın suallarını cavablandırıb.

- Dünya çempionu olmağa 9 dəfə yaxın olmuşdunuz. Bu dəfə “qızıl” istəyinizə çatdınız. Bu medal sizin üçün nə deməkdir? Bakı yadınızda necə qalacaq?

- İlk dəfə Bakıya 2015-ci ildə Avropa Oyunları zamanı gəlmişdim. Həmin yarışda həm fərdi, həm də komanda yarışında 4-cü olmuşdum. Buna qədər gümüş və bürünc medallarım var idi. Qızıl medalı çox gözləyirdim. Bu dəfəki turnir yeni uğur qazanmaq üçün şans idi. Buna nail oldum. Bakıda qazandığım qızıl medal karyeramın zirvəsidir. Qeyd etmək istəyirəm ki, dünya çempionatı mükəmməl şəkildə təşkil olunub. Burada çox gözəl mühit var. Bu yarış bizim üçün lisenziya baxımından da vacib idi. Və mən Paris-2024-ə lisenziya qazandım.

- Finalda sanki əziyyət çəkirdiniz. Tez-tez irəli-geri hərəkət edirdiniz. Küləklə bağlı problem var idi?

- Bəli, final həqiqətən çətin oldu. Meh və küləyin sürəti bizə bəzən mane olurdu. Çətinlik çəkdiyimi etiraf etməliyəm. Özümlə fəxr edirəm ki, bunun öhdəsindən gəldim. Finaldakı rəqibim olan ABŞ təmsilçisi Daniya Visi çox güclü rəqib idi. Çətinliklərin öhdəsindən gəlib çempion oldum.

- Mükafatlandırma mərasimində göz yaşlarınız axdı. Bu, təcrübəli idmançılarda çox nadir hallarda olur. Göz yaşlarının xüsusi səbəbi var idi?

- Cavab çox sadədir. Bu medal 25 ilimi aldı. Buna görə məhz 25 il gözlədim. Mənim üçün mənası çox böyükdür. Açığı, emosianallıq var idi. Bu səbəbdən göz yaşları özünü göstərdi.

- Belə demək olarmı ki, Bakı sizin həyatınızda unudulmaz şəhər olaraq qalacaq...

- Əlbəttə, şübhəsiz. Bu anlara görə Bakını heç vaxt unutmayacağam. Bakı həm də çox gözəl şəhərdir. Mərkəzi inanılmaz dərəcədə bəyənirəm. İçərişəhəri xüsusilə vurğulamaq istəyirəm. Stresimi atmaq üçün tez-tez buraya baş çəkirəm.

Qeyd edək ki, gümüş medalı Dankadan yalnız 1 xalla geri qalan Dania Vissi əldə edib. Yarışın bürünc medalı yunanıstanlı Emmanuela Katzurakiyə gedib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"