Azərbaycanın 16 yaşlı kartinq sürücüsü Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib.
Sportinfo.az xəbər verir ki, Formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO – Karting International West Region trekində keçirilən TAG Livre Portuguese Trophy yarışında iştirak edib.
Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararıblar və Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib.
Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vurub və 1-ci yeri tutub.
Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib.
Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.
Bununla yanaşı, sponsorluq məsələlərinin hələ də tam həllini tapmaması səbəbindən azərbaycanlı pilotun cari ildə Formula 4-də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.


