«Kəpəz»in sabiq baş məşqçisi Tərlan Əhmədov son açıqlamaları ilə yenidən gündəm olub.
Üç aya yaxındır işsz qalan çalışdırıcı «CBC Sport»un efirindən bir sıra fikirlər səsləndirib və bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Məsələn, Əhmədov bildirib ki, Qurban Qurbanovun uzun illərdir «Qarabağda işləməsinin səbəbi klubun rəhbərliyinin türkiyəli olmasıdır.
Bununla deyib ki, yerli futbol idarəçiləri azərbaycanlı mütəxəssislərə etinasız yanaşır, onlara şans və müddət tanımır.
Bəli, bu, Əhmədovun növbəti yanlışıdır. Nə qədər çox danışırsa, o qədər «lələk» buraxır.
Köhnə xasiyyətidir, bildiyini də, bilmədiyini dilə gətirir, özünü daha da gözdən salır.
«Azərsun» 2000-ci illərin əvvəlindən «Qarabağ»ı himayəsinə götürüb. Qurban Qurbanov bura 2008-ci ilin avqustunda gəlib.
Həmin rəhbərliyi ona kimi Şahin Şahhüseyni, Şahin Diniyev, İqor Ponomaryov, Böyükağa Ağayev, Elxan Abdullayev, Rasim Kara kimi məşqçilərlə çalışıb.
Bunlar hələ yadımda qalanlardır, bəlkə yenə kimlərsə arada qısa müddət də olsa, iş başına keçib.
Əlüstü statistikadan göründüyü kimi, «Qarabağ» başbilənləri Qurban Qurbanova qədər məşqçləri əlcək əvəzi dəyişib.
Yalnız sonuncunun burada tikiş tutması və hələ də görəvdə qalması öz zəhmətinin qarşılığıdır. Tərlan Əhmədovdan fərqli, o, əyri-üyrü işlərə baş qoşmayıb, isminin danışılmış oyunlarda hallanmasına səbəb verməyib.
Nə futbolçuların halal maaşına göz dikib, nə aldıqları mükafata müxtəlif bəhanələrlə «əl qoyub», nə də hakimlərlə «bazar» açıb.
Qurbanov özünə bu qədər köməkçi götürüb, ancaq biri də oyun «alver»inə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb, dindirilməyib.
Məşqçinin çevrəsi kim(lər)dirsə, özü də odur.
Tərlan Əhmədovun «Binə»dən tapıb gətirdiyi və istər «Neftçi»də, istərsə də «Binə»də özünə yardımçı təyin etdiyi Mehman Babayevi AFFA futboldan ömürlük uzaqlaşdırıb.
O cümlədən Asif adlı inzibatçı dostunu.
Qurban Qurbanov ona görə 14 ildən çoxdur «taxt»dadır ki, düz işləyir. Tərlan Əhmədov dəvət aldığı klubda uzağı, 1 ildən o yana qalmırsa, bunun səbəbini davranışında, xasiyyətində, əməllərində görməlidir.
Heç bir ağıllı rəhbər nəticə verməyə qadir məşqçini durduğu yerdə qapının arxasına göndərməz, «qələmini qırmaz».
«Neftçi», «Şamaxı» və «Kəpəz»də söz sahibi olanlar belə bir addım atıbsa, yaxşısı budur, Tərlan Əhmədov papağını qoysun qarşısına, harada və nə səhvlər elədiyini yadına salsın, özüyçün bir nəticə çıxarsın.
Ləyaqət hissini itirməyən hansı rəhbər razı olar ki, baş məşqçi komandanın qaldığı oteldə min hoqqadan çıxsın?
Hamı hər şeyi görür və bilir e! Qurban Qurbanovun «Qarabağ»dakı uzunömürlülüyünü yalnız rəhbərin türkiyəli olmasıyla bağlamaq ədalətsizlikdir, həmkara həqarətdir.
Məncə, hansısa bir klub başbiləni bu baş-ayaq açıqlamadan sonra Tərlan Əhmədovu yanına çağırmamalı, iş verməməlidir.
Kim belə edərsə, məndə onun dürüstlüyünə, təmizliyinə, şərəfli biri olmasına dair ciddi şübhələr yaranacaq.
Tərlan Əhmədovla yola çıxmaq palçığa iki dəfə batmaqdan da betər zillətdir.
ELNUR

