Azərbaycanın ən istedadlı futbolçuları indi haradadır?

5 Sentyabr 2023 21:20 Araşdırma 3 860
Azərbaycanın ən istedadlı futbolçuları indi haradadır?

Bacarıqlı azərbaycanlı futbolçular sarıdan korluq çəkdiyimiz vaxtda ərköyün və problemli xarakterə malik oyunçuların olması ölkə futbolu adına ayrı bir dərddir.

Müstəqillik tarixində çətin xarakterin qurbanı olan futbolçulara çox rast gəlmişik

Son 2 ildə bu baxımdan əziyyət çəkən və karyerasını erkən yaşda başa vurmaq təhlükəsi ilə üzləşənlərin sayı xeyli artıb və artmaqda davam edir.

Vaxtilə adından söz etdirən, Azərbaycan millisinin şərəfini qoruyan futbolçulardan 4-ü xeyli vaxtdır klubsuz qalıb. Karyerasını başa vuran da var, qayıtmaq arzusu ilə yaşayanlar da, futbolda heç kimə lazım olmadığına görə futzala üz tutan da.

Ruslan Qurbanov

Stavropol futbol mərtəbinin yetirməsi olan rusiyalı futbolçunu Azərbaycana “Neftçi” tanıtmışdı. “Ağ-qaralar”ın heyətində yetərincə şans qazanmadığından sonradan “Sumqayıt”da parlayıb, “Neftçi”yə qayıtmışdı. Vaxtilə Azərbaycan millisinə dəvət olunan və ölkənin ən tələbatlı futolçularından hesab olunan Qurbanov Roman Qriqorçukun istəyi ilə transfer məbləği qarşılığında “Qəbələ”yə üz tutmuşdu. “Səbail”, “Keşlə”, “Zirə” isə sonrakı dayanacaqları olmuşdu.

2021-ci ilin yayında Azərbaycanda heç kimə lazım olmadığına görə Belarusa üz tutan futbolçunun buradakı karyeras istədiyi kimi alınmamışdı. 31 yaşlı Ruslan 2 ildir futboldan uzaq düşüb. Və bundan sonrası karyerasını bərpa edəcəyi istəsə də, mümkün olana oxşamır.

Cavid İmamverdiyev

Bir vaxtlar ölkənin ən istedadlı futbolçularından hesab olunurdu. “Neftçi”nin heyətində çempionluqları bayram etməsi və gənc yaşlarında Avroliqanın qrup mərhələsində çıxış etməsinin hesabına Kiyev “Dinamo”suna qədər gedib çıxmış, “Elazığspor”da legioner həyatı yaşamışdı.

Yenidən “Neftçi”yə qayıtmış, “Sumqayıt”da parlamış, yüksək məbləğ qarşılığında “Sabah”a transfer olunmuşdu. Premyer Liqada sonuncu dəfə 2021-ci ildə “Keşlə”nin heyətində görünən İmamverdiyevin axırıncı dayanacağı “divizion”da mübarizə aparan “Kəpəz” olmuşdu.

Gecə həyatına və əyləncəyə saldığı meyil onu futboldan sildi. Karyerasını ötən il 32 yaşında başa vuran Azərbaycan millisinin sabiq üzvü ötən günlərin həsrətini çəkməkdədir.

Təmkin Xəlilzadə

Yaddaşlarda daha çox Azərbaycan millisinin heyətində Xorvatiya, Bəhreyn və Maltanın qapısına vurduğu qollarla iz buraxan Xəlilzadə ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biri, bəlkə də birincisi idi.

Premyer Liqada “Qarabağ”da debüt etsə də, unudulmaz günləri “Zirə”də yaşamışdı. O da sonradan “Qəbələ”yə transfer olunmuş, oradan “Sabah”a üz tutmuşdu. Sonuncu iş yeri isə “Zirə” olub.

Ötən qış Rəşad Sadıqovun komandadan uzaqlaşdırdığı futbolçuya yaxın duran yoxdur. Yanvarda yerli klublardan təklif almayan futbolçunun yayda özünə iş yeri tapacağı gözlənilirdi ki, bu dəfə də heç kimə lazım olmadı.

Təmkini bu hala intizamsızlığı və deyilənə görə mərc oyunlarda fəal iştirakı salıb. Baş məşqçilər komandadakı ab-havanın pozulmaması üçün onu yaxına buraxmır. Yoxsa, onun kimi yerli sol cinah müdafiəçisini klub rəsmiləri əlində şamla axtarır.

Hazırda 30 yaşı olan futbolçu ötən ildən futbolsuz qalıb.

Araz Abdullayev

İntizamsız futbolçuların başında dayanan “7 nömrə” futbol oynamaq haqda düşünür, ya yox – özündən yaxşı bilən yoxdur.

Ölkənin üzdə olan bütün klublarının (“Neftçi”, “Qarabağ”, “Qəbələ”) şərəfini qoruyan Abdullayev 18 yaşında İngiltərə nəhənglərindən olan “Everton”la 3 illik müqavilə bağlamışdı. Bu komandada debüt imkanı qazanmasa da, Yunanıstan və Kipr çempionatlarının, eləcə də Türkiyə Birinci Liqasının həyəcanını yaşamışdı.

Qurban Qurbanovun da düz yola gətirə bilmədiyi Abdullayev ötən mövsümün gedişində “Sumqayıt”dan ayrılandan sonra lazımsız statusunu daşıyır. O da 30 yaşında futbolsuz qalıb.

İntizamsızlığı, böyük-kiçik yerini bilməməsi ilə öz adının ətrafında xoşagəlməz mənzərə yaradan Azərbaycan millisinin sabiq üzvü həm də süpürgəçi qadının qatili kimi yaddaşlarda qalıb.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti