Mateus Saldanyanın ardınca indi də Coy Lens Mikels.
Karyerasının əvvəlki pərdəsində aparıcı klubların diqqətini çəkə bilməyib Azərbaycana gələn legionerlərin bir çoxu sonradan Premyer Liqaya arxa çevirir.
Əvvəl sivil yolla çantalarını yığıb gedirdilərsə, indi “müharibə” edib qaçırlar. Saldanya “Neftçi”dən, Mikels “Sabah”dan xoş olmayan formada ayrıldı.
Bəzilərinin fikrincə, əcnəbilər buradakı halından məmnun deyil, ya da çempionatımızın səviyyəsi onları qane etmir.
Belədirmi?
Belə olsaydı, hələ 10-15 il əvvəl - futbolumuz və futbol meydanlarımız indiki vəziyyətindən çox-çox uzaq düşən dönəmdə Azərbaycandan qaçmaq fikrinə düşərdilər.
Halbuki əksi yaşanırdı. Oktay Dərəlioğlu, Emil Mpenza, Flavinyo, Sergey Skaçenko, Ahmed Dursun, Georgi Demetradze, Jaba kimi ünlülər ölkəmizə gəlib, durumundan məmnun görünürdü.
Bəs, indi nə baş verir?
Baş verən odur ki, xarici klubların skautlarının və sözü keçən menecerlərin Premyer Liqamıza marağı kifayət qədər artıb. Artıq Azərbaycan çempionatı onlar üçün “vitrin” statusunu daşıyır.
“Qarabağ”dan xarici klublara satılan Reynaldo, Kadi Borges, İbrahima Vadji, Ovusu Kvabena, Musa Qurbanlını kənara qoyuram. Bəlkə də onları Avropa arenalarındakı çıxışlarına görə seçib, bəyəniblər.
Elədirsə, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane və az öncə adlarını çəkdiyim Saldanya ilə Mikelsin ayrılığının səbəbi nə idi?
Təbii ki, daha adlı-sanlı klubda, səviyyəli çempionatda oynamaq arzusu və daha çox pul qazanmaq istəyi.
İllər öncə “Partizan”dan, “Olimpiakos”dan, “Aruka”dan bizə futbolçu gələndə sevinirdiksə, indi bu klublar Azərbaycanda oynayan futbolçuları alıb aparır.
Dünyanın ulduzlarını Səudiyyə Ərəbistanına toplayan şeyxlər Premyer Liqamızda top qovan Mikelsi öz avroları ilə şirnikləndirir.
Bəlkə də onların gedişi ilə çempionatımızın səviyyəsi aşağı düşür, klublarımız zəifləyir. Amma məsələyə başqa rakursdan baxanda, çempionatımızın dünyanın diqqətində olduğunu görürük.
HƏBİB / SPORTİNFO.AZ

