“Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” bütün zonalarda bir-birinə sıx oynayır”.
Bunu Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib.
Tanınmış telejurnalist qeyd edib ki, Sloveniya klubu matçın gedişinə uyğun olaraq 4-3-3, bəzən də 4-4-2 oyun formatına üstünlük verir:
“Topu oyuna daxil edərkən, mərkəz hücumçuları çox önəmli rol oynayır.
Belə ki, avstriyalı hücumçu Raul Floruç müdafiənin mərkəzindən aldığı ötürmədən sonra irəli çıxaraq adi toxunuşla cinah oyunçularına boş zonalar yaradır.
Onun portuqaliyalı Ruy Pedru ilə tandemi yaxşı alınır. Cinahlardan hücumlara çox aktiv qoşulurlar. Sürətli oyunçu profillərinə sahibdirlər.
Topun olduğu zonaya 3-4 oyunçu ilə birdən basqı etməyə çalışırlar. Bu rəqibə qalib gəlmək üçün ön zonaya pressinq tətbiq etmək daha faydalı olar.
Xüsuilə hücuma qoşularkən, “Qarabağ” geri dönən toplara da zamanında sahib olmalıdır. Əks halda, “Olimpiya” sürətli keçidlərlə təhlükəli epizod yaratmaq bacarıqları olan kollektivdir.
Heyətdəki texnikalı futbolçuların potensialından yararlanaraq, təkbətək mübarizələrdə üstün ola bilirlər. Standart vəziyyətlərdə də yaxşı təsir bağışlayırlar.
Yaranmış epizodları qola çevirmək əmsalları kifayət qədər yüksəkdir. “Olimpiya” topa sahib olarkən, geri dönüşlərdə cinahlarda ciddi boşluqlara yol verir.
Bunun üçün topa zamanında sürət verməklə real qol epizodları yaratmaq mümkündür. Qapıçıları Matevz Videovşek hava toplarında zamanlama baxımından çox gec qalır.
Ancaq yerlə endirilən zərbələrdə daha yaxşı təsir bağışlayır. Sloveniya təmsilçisinin cinah oyunlarının qarşısını almaq üçün onları mərkəzdə qısa ötürmələrlə yormaq lazımdır.
Topa daha çox sahib olan komandalara qarşı ciddi problemlər yaşadıqları da ortadadır”.

