"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında ilk dəfə 15 il əvvəl, 9 avqust "Bakılı"ya qarşı oyunda meydana çıxmışdı.

Yubiley ilində həmin matçda meydanda olan sabiq yetirmələri ilə Azərbaycanın ən titullu məşqçisindən danışdıq.

Həmsöhbət seçdiyimiz veteran futbolçuların və klubun sabiq mətbuat katibi Nurlan İbrahimovun həmin günlərlə bağlı xatirələri belə oldu:
NURLAN İBRAHİMOV ("Qarabağ"ın sabiq mətbuat katibi):
"O illəri xatırlayıram. Əslində heç zaman unutmamışam. Böyük hadisələrin başlanğıcı üçün böyük olaylar olur. O dövrdə, həqiqətən, böyük olaylar oldu. Fərqli dönəm idi. Çempionatın başlamasına cəmi 1 həftə qalırdı. "Standart"la yoxlama görüşümüz vardı. Rasim Kara həmin matçdan sonra klubdan ayrıldı. Səhərisi gün Qurban Qurbanov gəldi. Heyətə baxdı və bildirdi ki, bu komanda ilə işləmək olar. O zaman heyətə yeni futbolçular cəlb olunmuşdu. Yeni mövsüm üçün qarşıya avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Qurban müəllim komandanı çox az məşqə çıxardı. Hətta klubdan ayrılan bir neçə futbolçu son anda geri qayıtdı. Məsələn, Aftandil Hacıyevi xatırlayıram.
Birinci turda "Bakılı" ilə oynayırdıq. Rəqib elitaya yeni vəsiqə qazanmışdı. 2:1 qələbə qazandıq. Qolları Artim Şakiri və Viktor İqbokoyin vurmuşdu. Çətin qələbə olmuşdu. Bütün rəhbərlik, məşqçilər heyəti üçün oyun çox önəmli idi. Bu qədər ani dəyişiklikdən sonra oyuna çıxmaq asan deyildi. Sanki yeni bir era üçün bir araya gəlmişdik. Düzdü, heç kim belə qlobal bir era gözləmirdi. Amma dramatik dəyişiklər fonunda qarşılaşmaya hər kəs bir başqa yanaşırdı. Kimin ağlına gələrdi ki, bu, həqiqətən də yeni bir eranın başlanğıcı olacaq.
"Bakılı" ilə oyundan bir maraqlı məqam hələ də yadımdadır. Premyer Liqaya yenidən yüksəldikləri üçün problemləri vardı. Oyunun protokolun doldura bilməmişdilər. Gecikmə olmuşdu. Qurban müəllim bizə dedi ki, gedin onlara kömək edin hər hansı problem olmasın.
İlk məqamlardan çox sadə olması hiss olunurdu. Birinci gəldiyi gün iş günü deyildi. Biz Əmrah bəyin otağına toplanmışdıq. İlk görüşü, rəftarı, söhbətləri yadımdadır. Hər kəsə çox içdən davrandığı sezilirdi. Hətta xatırlayıram ki, Qaxda təlim-məşq toplanışında idik. Otaq problemi yaşananda bildirmişdi ki, problem yoxdur mənim otağımı kiməsə verə bilərsiz. Və ya kimisə göndərin mənim yanımda qalsın. Belə həssas, yumşaq davranışı insan obrazı olaraq ona böyük hörmət yaradırdı. Bu amil "Qarabağ"ın da düşüncə olaraq böyüməsində xüsusi rol oynayıb. Heç zaman danışılmayıb ki, filankəs niyə oynamadı, filan şey niyə belə oldu və.s. Futbol sadəcə 11 nəfərin meydanda oynaması deyil. Belə atmosferin yaranması, klubun formalaşması, klub ətrafında münasibətlərin yaxşı olmasına Qurban Qurbanovun şəxsi keyfiyyətləri səbəb olub. Ona görə də 2008-ci ildən 2014-ci ilə kimi çempion olmasa da belə ona qarşı anlayış, sevgi olub"
.
AYXAN ABBASOV ("Turan Tovuz"un baş məşqçisi:
"Bu foto "Bakılı" ilə oyundan əvvəl çəkilib. 2:1 qalib gəlmişdik. Qurban Qurbanovun "Qarabağ"dakı ilk oyunudur. Əslində bu oyuna bizi Rasim Kara çıxarmalıydı. Onun rəhbərliyi altında Türkiyədə hazırlıq keçdik və Bakıya qayıdıb yeni mövsümün startın gözləyirdik. Çempionatın başlanmasına 3-4 gün qalmış Rasim Kara "Xəzər Lənkəran"a keçdi. Bunu heç kim gözləmirdi. Hər kəs şokdaydı. Klub ətrafında bir çox mütəxəssisin adı hallanırdı. Rəhbərlik sonda Qurban Qurbanovun namizədliyini dəstəklədi. Məncə, çox düzgün addım oldu. Cəmi 1,5 il "Neftçi"də çalışmış gənc mütəxəssisə inandılar. Əksəriyyətimiz onu tanıyırdı. Bir komandada oynayanlarımız olmuşdu.
İşə çox həvəsli başladı. Cəmi 2 məşqdən sonra birinci oyuna çıxdıq. Bazaya hər nə qədər tez gəlsək də Qurban Qurbanovdan tez gələ bilməzdik. Uşaqlar hərdən bir-birinə sual verirdi ki "deyəsən, Qurban müəllim bazada yatır".
Yəni çox istəkli, öz üzərində çalışan, gecəsini-gündüzünü işinə həsr edən biriydi. Və bəhrəsni də gördü. İlk məşqimiz yadımdadır ki, iclas elədi. Bizə inandığını, bir-birimizə inanmalı olduğumuz barədə söhbətlər oldu.
Gözəl, mehriban kollektivimiz vardı. Heyətdə sonradan parlayan Vaqif Cavadov, Maksim Medvedev, Rauf Əliyev vardı. Qara Qarayev yeni-yeni əsas komandada məşqlərə başlayırdı. Aslan Kərimov, Azər Məmmədov, Artim Şakiri, Zaur Həşimov, Aftandil Hacıyev kimi təcrübəli oyunçularımız vardı.
Bu şəkildə olanların 90-95%-i bu gün də futboldadır. Əksəriyyəti məşqçi kimi çalışır. Aslan Kərimov gənc məşqçilərin savadlanması üçün vacib şəxslərdəndir. Karyerasın ora həsr edib.
Məncə, "Qarabağ"ın ilk uğurları bu heyətlə başladı. Düzdü, mövsüm ərzində çox çətin durumlara düşdük. Lakin həmin il elə ölkə kubokunu qazandıq. O dönəmdə bizdən büdcəsi, heyəti çox yaxşı olan klubları üstələyə bildik. Son illər ciddi nəticəsi olmayan klub üçün böyük uğur idi. Heç kimin inanmadığı halda, həmin yay avrokuboklarda güclü "Rosenburq" səddini keçdik. Yayda bütün əcnəbilər göndərilmişdi. Cəmi bir legioner - Admir Telli heyətdə yer alırdı. Pley-offa qədər getdik, orada "Tvente" səddinə ilişdik.
Bunu xüsusi qeyd etmək lazımdır ki, həmin dönəm klublarımız yerli məşqçilərə demək olar güvənmirdilər. İddialı klubların çoxunda əcnəbilər işləyirdi. Hətta ortabab, autsayder klublar belə xaricdən məşqçi gətirirdi. Sanki klublarda legioner məşqçilərə böyük güvən vardı. Düşünürdülər ki, ancaq onlarla uğur qazanmaq olar. Amma "Qarabağ"dan böyük büdcəsi, şəraiti olan klublarımız əksər vaxt avrokuboklarda bir mərhələ belə keçə bilmirdilər. Qurban Qurbanov işi ilə yerli məşqçilərə inamı qaytardı. Gənc məşqçilərə yol açıldı. Bu önəmli faktdır".
AZƏR MƏMMƏDOV ("Kəpəz"in baş məşqçisi)
"Siz çox uzaq tarixə getmisiz (gülür). Şəkili göstərməsəniz, soruşmasanız 15 il əvvəli mən özüm unutmuşdum. Çempionatın başlanmasına bir həftə qalmış eşitdik ki, Rasim Kara hansısa səbəblərdən "Xəzər Lənkəran"a gedib. Biz baş məşqçisiz qaldıq. Boşalan post müvəqqəti olaraq Müşviq Hüseynov və Elşad Xudatova tapşırılmışdı. Məşqçi axtarışları gedirdi. Namizədlər arasında adını indi futbol tariximizə yazdıran Qurban Qurbanov da vardı. Yekun qərarla Qurban müəllim baş məşqçimiz oldu.
Daha əvvəl "Neftçi" bürünc medal qazanmışdı. Amma təyinatdan əvvəl işsiz idi. Mövsüm bizim üçün heç də yaxşı başlamadı. Ardıcıl məğlubiyyətlərimiz oldu. Hətta azarkeşlər istefa qışqırırdılar. Münasibət birmənalı deyildi. Açıq deyim ki, onda Qurban müəllimin böyük səbrini gördüm. Çox səbrli davranırdı. Həmin səbrin mükafatı olaraq Allah bu gün onu ölkəmizin ən yaxşı məşqçisi edib. Klub rəhbərliyinin də dəstəyin danmaq olmaz. Həmin günlər yanımızda oldular. Yavaş-yavaş elə həmin günlərdən indiki "Qarabağ"ın bünövrəsi quruldu. Mən də həmin heyətdə vardım. Bir il bir yerdə olduq. Futbol həyatımın ən yaxşı günləri olduğunu deyə bilərəm".
ZAUR RAMAZANOV (Funksioner):
"Həmin günlər yaxşı yadımdadır. Qurban Qurbanov özü təklif etmişdi ki, səni burda görmək istəyirəm. Düzdü, daha əvvəl "Neftçi"də işləmişdi, amma hələ də məşqçi kimi çox da təcrübəli deyildi. Çempionatda o qədər yaxşı oynamadım. Ölkə kubokunda isə finala qədər vacib qollar vurdum. Sonda kuboku biz qaldırdıq.
Qurban müəllim ilk gündən çalışırdı ki, nələrsə eləsin. Onda da azarkeşlər, ictimaiyyət ona çox inanmırdılar. Kənardan yaxşı fikirlər söyləmirdilər. Bir il həmin heyətdə yer aldım. Nizam-intizamı sevən adamdır. Sağ olsun mənə müəyyən güzəştlər edirdi. Yalan nə deyim, hərdən deyirdi ki, tənbəl olduğunu bilirəm. Bəzən ağır məşqlərdən məni bir qədər tez azad edirdi. Amma meydandakı mübarizəmdən çox vaxt razı qalırdı. Ona görə də bir-birimizi gözəl başa düşürdü. Qurban müəllimlə işləmək mənə xoş olub. Çox yaxşı insandır.
Sonra isə yavaş-yavaş uğurlar gəldi, Qurbanov öz sözünü dedi. Bu gün bəziləri elə bilir ki, 1-2 oyun uduzmaqla hər şey bitdi. Amma bu kişinin 15 il əziyyəti olub. Bunu 1-2 oyunla itirmək olmaz. Azərbaycanda biz onunla fəxr etməliyik. Çünki o, bir məşqçi kimi "Qarabağ"ın adını çox yüksəklərə daşıdı. Qurban müəllimi hər zaman dəstəkləmişəm, bu gün də dəstəyəm. Ən əsası yaxşı insandır. Çörəyim ondan gəlmir, suyum ondan gəlmir. Özünüz də məni yaxşı tanıyırsız. Kimə nə lazımdı üzünə deyirəm. Heç kimin arxasınca danışmıram. Dostumuzdu, hərdən üz-üzə gələndə dərtləşirik. Böyük məşqçidir. İşlərində ona uğurlar. Sözünü hər zaman deyib. Lap bu il avrokuboklarda qruplara qalmasa belə fəxr olunası adamdır".
ZAUR HƏŞİMOV ("Zirə-2"nin baş məşqçisi):
"15 il keçməsinə baxmayaraq Qurban hocanın "Qarabağ"a gəlişin indiki kimi xatırlayıram. Mövsümə Rasim Kara ilə hazırlaşırdıq. Türkiyə toplanışından yeni dönmüşdük. İlk oyuna iki gün qalmış Rasim Kara komandadan getmək qərarı verdi. O zaman Əmrah bəy (klubun idman direktoru) bir neçə aparıcı oyunçunu otağına çağırdı. Durumu müzakirə etdik. İki namizədin olduğunu, onların arasında Qurban Qurbanovun adının olduğuтг вувш. Özünün də Qurbanovun komandaya gəlməsini istədiyini söylədi. Biz də onu dəstəklədik. Beləcə mövsümə Qurban müəllimin başçılığı ilə start verdik. Şəxsən mən onunla milli komandada tanış olmuşdum. Ona qədər yalnız meydanda rəqib kimi qarşılaşmışdıq. Milli komandada mən 20 yaşlı gənc, o isə artıq futbolda öz sözünü demiş bir futbolçu idi.
Sonra "İnter"də (indiki "Şamaxı") komanda yoldaşı olduq. Həmin vaxt Kiyev toplanışında olanda Qurban müəllimlə eyni nömrədə qalırdıq. Toplanış 1 ay çəkmişdi. Səmimi deyim ki, elə onda həyatda güvənə biləcəyim, lazım olanda arxamda dayanacaq bir insanı tanıdığımı hiss etdim. Və sonra zamanla baş verənlər hissimin məni aldatmadığını göstərdi.
Komanda yoldaşı olmuşuq, məşqçim olub, həm də məşqçi kimi müəllimim olub. Həyatda da, futbolda da bir çox situasiyalarda ondan öyrəndiklərimi tətbiq edirəm. Qurban müəllimi xarakter baxımından hər kəs tanıyır. Məşqçi kimi də özünü necə inkişaf etdirdi göz önündədir.
O zaman mən tıxacda qalıb məşqə gecikməyim deyə sübh tezdəndən bazaya gedirdim. Hər dəfə mən gələndə Qurban müəllim artıq bazada olurdu. Otağında çoxlu video kasetlər olurdu. Oyunlara baxır, analizlər edirdi. O, futbol adına ölkəyə yeniliklər gətirdi. Biz qış təlim-məşq toplanışında yeni sistemdə məşq etməyə başaldıq. Sonradan bunun "Barselona"nın məşq sistemi olduğunu öyrəndik.
Onun "Qarabağ"da ilk ili uğurlu oldu. Biz kuboku qazandıq. Avropa Liqasında pley-off mərhələsinə kimi irəlilədik. Heyətimizdə isə Admir Telli xaric hamı yerli futbolçular idi. Elə bu məqam artıq Qurban Qurbanovun böyük məşqçi olacağının mesajı idi.
Haqqında çox xoş sözlər danışa bilərəm. Xatirələrim həddən artıq çoxdur. Bir sözlə, onu tanımağımla qürur duyuram. Belə məşqçimiz olduğu üçün fəxr edirəm".
XANOĞLAN / SPORTİNFO.AZ

