Azərbaycanda futbol gəlir gətirən sahələr arasına daxil deyil. İdmanın digər növləri kimi.
2004-cü ildən bəri futbol dövlətin birbaşa diqqət və qayğısı ilə əhatə olunub.
İndinin özündə də hökümətin dotasiyası ilə ayaqda qalıb, mövcudluğunu qoruyub. Ötən 17 ildə bir çıox iş adamları, iri şirkətlər idmanın ən populyar növünə pul xərcləyib, amma bu yatımırı sərmayəyə çevirə bilməyiblər.
Futbolu inkişaf etdirmək xüsusi konsepsiyaya bağlı və kifayət qədər uzun prosesdir. Yəni, bir, yaxud bir neçə il ərzində buna nail olmaq qeyri-mümkündür.
Şərtlər çox və müxtəlifdir. Yol həm enişli, həm də yoxuşludur. Bütün bunların başında maliyyə sabitliyi gəlir. Maddi dayanıqlılıq olmasa, «x» bir klubun uğur qazanması, gəlir əldə etməsi qeyri-mümkündür.
Şərait - bazalaşma, vəsaitdən düzgün istifadə – artıq xərclərdən qaçma, büdcədəki məbləğin qorunması, «doqquzluq atışlar» - az pulla yaxşı futbolçuların transferi, Biləcəridən o tərəf – avrokuboklarda qeydə alınan nəticələri ilbəil yaxşılaşdırmaq və bu kimi xüsusatlar uzunmüddətli strategiyanın fundament daşlarıdır. Hansı ki, məhz bu «nərdivan» hündürmərtəbəli inkişaf binasının ən yuxarı qatına çıxmağa kömək edir.
Hazırda Azərbaycan Premyer Liqasında 10 klub mübarizə aparır və onlardan yalnız «Qarabağ» təsərrüfat hesablı sayıla bilər.
Düzdür, himayədarı olan şirkət «köhlən atlar»a hər il sabit vəsait ayırır, amma komandanın avrozonanın müxtəlif turnirlərində qruplara qalması xaricdən ölkəmizə sürətli pul axınını təmin edir.
Ağdam təmsilçisi hər mövsüm UEFA-dan milyonlarla avro qazanc götürür və bu, klubun maddi keçiminin mühüm hissəsini təşkil etməkdədir.
Təkcə bir faktı yada salaq: 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn «Qarabağ»ın Avropa futbol qurumundan aldığı bonusun ümumi məbləği 25 milyon manatı ötmüşdü.
İştirakçısı olduğun yarışın ranqından, adladığı mərhələlərin və qələbələrin sayından asılı olaraq, büdcəyə girən vəsaitin miqdarı dəyişir.
Ancaq istənilən halda «Qarabağ» avrokuboklardakı nəticələrə görə qazandığı pullarla öz yaşamını təmin etmək gücü yaxalayıb.
Təbii ki, Premyer Liqanın digər mənsubları da «Qarabağ»ın yerində olmağı arzulayır. Belə gbtürəndə, ac toyuq da yuxusunda darı görür, amma nə olsun. «Halva-halva» deməklə, halva istəməklə ağız dada gəlmir.
Bəzən iş adamları, şirkət və holdinq yiyələri deyir ki, futbola vəsait ayırmağa hazırıq, lakin bir şərtlə: dövlət də bizi vergi ödəyicisi olmaq məsuliyyətindən azad etsin, müxtəlif sahələr üzrə layihələrdə iştirakımıza şərait yaratsın.
Açıq danışmaq lazımdır: bir biznes fərdi öz cibinin, şirkətinin pulunu gətirib futbol yolunda xərcləməyə həvəs göstərmir. O, sadəcə, tapşırıq gözləyir. «Desinlər, göstəriş versinlər, mən də edim» söyləyirlər.
Bu, yalnız Azərbaycan futboluna xas hal deyil. Postsovet məkanının demək olar bütün respublikalarında vəziyyət aşağı-yuxarı eynidir.
Rusiyadan tutmuş, ta Qırğızıstana, Tacikistana kimi.
Keçmiş SSRİ-yə aid ölkələrin heç biri aradan ötən 30-32 il ərzində xarici sərmayə axınına tamarzıdır. Hamısı istəyir, lakin gələn kimdir?
Azərbaycan futbolu öz parametrlərinə görə əcnəbi invenstorların diqqətini çəkmir.
«Qarabağ» xaricində heç bir klubumuzun Avropa standartları ilə ayaqlaşmağa çalışmaması, millilərimizin qitə və dünya çapında hansısa mötəbər turnirin final mərhələsinə vəsiqə qazanmaması və digər çoxsaylı çatışmazlıqları səbəblər arasında sadalaya bilərik.
Ümumiyyətlə, xarici sərmayədarlar Azərbaycanda qeyri-neft sektorlarına vəsait qoymağa həvəssiz görünür, qaldı ki həmiş öz «kisə»sindən yemək məcburiyyəti hiss edən, qazanc perspektivi dumanlı görünən futbol ola.
İran pulu… Azərbaycan futbolu son illərdə Arazın o tayından axıdılan rial və dolların istisinə qızınmağa başlayıb. Bu ölkəyə bağlı şəxslərin futbol və futzalda yerləşməsi, klublar yaratması 4-5 il öncəyə gedib çıxır.
Region Liqasında, həmçinin futzal üzrə yüksək, birinci və ikinci liqalarda bir neçə belə komandaya rast gəlməkdəyik.
Yüksək Liqada yarışan «Alyans» və «Rekord» İrana aidiyyatlı şəxslərin sərmayəsi hesabına yaşamını təmin edib.
Region Liqasında qüvvəsini sınayan «Rekord» və İCBFA da molla rejiminin mövcud olduğu ölkədən bura gələnlərin kurasiyası altındadır.
Cari mövsümdən Region Liqasında çıxış etməyə başlayan və paytaxt zonasının “A” yarımqrupunda mübarizə aparan «Rekord»un idarəçiləri və baş məşqçisi bu ölkədən olanlardır. Həmçinin bura bir neçə iranlı futbolçu cəlb olunub.
“İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası”nın (İCBFA) da İrana bağlı çevrələrin nəzarətinə keçməsini də xatırladaq.
Paytaxt zonasının «B» yarımqrupunda qüvvəsini sınayan komandaya bu ölkədən olan biznesmen sponsorluq etməyə başlayıb. İCBFA-ya iranlı baş məşqçi təyin edilib, özləriylə bir neçə futbolçu gətiriblər.
Futzal çempionatının hər üç «təbəqə»sinə baxırsan, onlarla iranlı legioner görürsən. Və onlarla bərabər gələnləri – funksioner və məşqçi qismində gözə dəyənləri.
Yel əsməyib, qoz tökülməyib – əcəba, Arazın o tayından adlayıb gələnlərin Azərbaycanda futbol və futzala pul xərcləməsinin səbəbi nədir, nə ola bilər?
Olmaya, bizə, bizlərə sevgi nümayişidir bu?
Bəli, ciddi və hərtərəfli araşdırılması zəruri mövzudur. Gələn yazımızda futbolumuzdakı bu iranlaşma prosesinin pərdəarxasına baş vuracaq, müyyən bilgilərə söykənən rəyimizi yerli-yataqlı şəkildə oxucularımızla bölüşəcəyik.
Xəzər Hikmət

