Göydən yerə mələklər enmədi, o da olmadı

14:00 Hadisə 110
Göydən yerə mələklər enmədi, o da olmadı

Dünən ölkə kubokunda marafona yekun vuruldu.

«Sabah» ikinci hissədə vurduğu qollarla geridönüş etdi, finalı qazandı.

Adətən, kubok oyunları sürprizə açıq olur. Burada bəzən səviyyə fərqi bilinmir, istənilən nəticə qeydə alınır.

«O bəzən» ötən gün «Zirə»nin üzünə gülmədi.

Düzdür, erkən vurduqları qolla oyunu 70 dəqiqə öz xeyirlərinə daşıdılar, bundan artığına gücləri çatmadı. İki komanda arasında səviyyə fərqini qapatmaqdan ötrü bəlkə də göydən yerə mələklər enməli idi, o da enmədi.

Topsuz oyun «Zirə»liləri yordu, əldən saldı. Topla yox, topun arxasınca o qədər qaçdılar ki!

«Sabah» 11 nəfərlə oynamadı sanki. 22 nəfər kimi göründülər meydanda. Hara baxırdın, onları görürdün.

Bütün ikinci toplar «Sabah»ın idi. Fasilədən sonra «Zirə»ni meydandan mərkəzindən «sildilər».

Oleq Pokatilov 90 dəqiqə dincəldi. Həmin vaxtı evində, ailəsinin yanında, uşaqlarının əhatəsində keçirsəydi, bu qədər istirahət edə bilməzdi.

Eren Aydından sonra «Zirə»nin heç bir futbolçusu qazaxıstanlı qapıçını narahat eləmədi.

Əks tərəfdə isə Tiaqo Silvanın işi həddindən artıq çox oldu. Portuqaliyalı finallara layiq seyvlər nümayiş etdirdi - sadəcə, möhtəşəm idi.

«Zirə» 70-ci dəqiqəyə kimi hesabı üstün götürdüsə, Tiaqo Silvaya dönə-dönə «sağ ol» deməlidir.

«Nominal qonaqların «ən yaxşı»sı kim idi» sualı ətrafında baş sındırmağa dəyməz - əlbəttə, o!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti