«Difai» - son vaxtlar bu adı tez-tez eşidirik.
Yeni yaradılan klub Region Liqasında mübarizə aparır.
Çempionatın paytaxt zonasında yarışır. «B» yarımqrupunda yer alan debütant gözlənilməz nəticələrə imza atır.
Asəf Məlikovun başçılığı altında yola çıxmış «Difai» mövsümün geridə qalan hissəsində maksimum nəticələr göstərib.
Beş turun hamısında qələbə qazanıb və aşkar liderdir. Pley-offun biraddımlığında olan kollektivin növbəti sezonda daha iddialı duruma yetişməsi gözlənilir.
Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın ölkə çempionatında öz komandası olacaq. Və həmin komanda «Difai» olacaq.
Debütant 2023-cü ilin əvvəlindən bu şəhəri təmsil edəcək. Artıq bu istiqamətdə müəyyən işlər görülüb. AFFA da daxil, müxtəlif qurumlarla bundan irəli gələn məsləhətləşmələr aparılıb, məktublar göndərilib.
«Difai» Vətən Müharibəsi iştirakçıları və qazilərin klubudur. II Qarabağ savaşında ermənilərə qarşı döyüşmüş xeyli sayda əsgər və könüllü hazırda bu komandanın şərəfini qoruyur.
«Difai»nin prezidenti I Qarabağ müharibəsində bir sıra uğurlu əməliyyatlarda ciddi rolu olan peşəkar hərbçi Asəf Məlikovdur.
Son günlər bir araşdırma aparılıb və maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, «google» üzərindən ən çox sorğulanan söz «Difai»dir.
Elə isə «Difai» nə deməkdir, nə mənaya gəlir, gəlin, əvvəlcə onunla tanış olaq.
«Difai» 1905-1917-ci illər aralığında mövcud olmuş milli antiterror təşkilatımızdır.
… Tarixi qaynaqlardan bəlli olur ki, 1905-ci ildə baş verən birinci rus inqilabı nəticəsində Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi.
Dumada qurulmuş müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edirdi, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı.
Rusiya erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi.
Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət eləyirdilər.
Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular.
Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi.
Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Difai Partiyasına məxsus Bəyannamədə deyilir:
"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnaksütun Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır.
Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir.
Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır.
Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq.
Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər.
Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
Beləliklə, Difai Partiyası bu bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-qalım" mübarizəsini açıqca ortaya qoyaraq, öz siyasi platformasını elan etmiş oldu.
Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış millətçilərlə görüşərək, orada «Difai» təşkilatını yaratdı.
Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan «Difai»nin yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı.
Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi.
1905–1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi.
Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və hərəkata rəhbər seçilmişdi.
Hüseyn Baykara yazır:
"Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı. Erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi.
Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər...".
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:
"Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən Difai Firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər.
Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki xalq bir şey bilmirdi, bilsə də söyləməzdi.
Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin nəticə alınmırdı. Difai Firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi.
Bu möhürün kimdə olmasını, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi.
Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı."
Bu barədə Rəfael Hüseynovun "Rəfibəylilər" kitabında ogünlərin və hadisələrin şahidi olmuş N.Keykurunun rus idarəsinin Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etdiyini, lakin vəziyyətdə heç bir dəyişiklik olmadığını söylədiyi yazılıb.
«Difai»nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan türklərinin əlinə keçdi.
Rusiya imperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq, gürcü əsilzadələrinin əliylə müvəqqəti də olsa, barışıq yarada bildilər.
Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi.
Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi.
«Difai» bunun da əlacını tapır. Firqənin möhürüylə divarlara insanları antiterrora səsləyən bəyannamələr yapışdırılır. Bu, rus məmurlarında böyük qorxu yaradır.
«Difai»nin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti və Qarabağ Birlik Məclisi təşkilatlarını buna misal göstərmək olar.
Qarabağ Məclisinin başlıca komitəsi Şuşada yerləşirdi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi.
Bu təşkilatın proqramının əsas məqsədi çar idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi.
Qarabağ Birlik Məclisi Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı vermək idi.
Bu, əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Odur ki, cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.
SPORTİNFO.AZ

