“Turan”a avtobus almaq üçün bu qədər vəsait yığılıb – Heç təkərlərin pulu etmir

9 Avqust 2022 16:40 Araşdırma 1 095
“Turan”a avtobus almaq üçün bu qədər vəsait yığılıb – Heç təkərlərin pulu etmir

Uzun ayrılıqdan sonra Premyer Liqaya qayıdan “Turan Tovuz”un üzvləri səfər oyunlarında gedib-gəlmək üçün avtobusun yolunu gözləyir.

Bildiyiniz kimi, Futbolun İnkişaf Fondu (FİF) 2022/2023 mövsümündən Premyer Liqada iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz"a dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib.

Layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.

1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən, aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər.

İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.

Redaksiyamıza daxil olanuh məlumatda piksel satışında fəallığın göstərilməsi, üstəlik yerli İcra Hakimiyyəti və iş adamlarının prosesdə aktiv iştirak etməsi qeyd olunub.

Bu günə qədər nə qədər piksel satıldığını, nəticədə “Turan 100k” layihəsindən hansı məbləğdə vəsait toplandığını öyrənmək üçün FİF-in kommunikasiya meneceri Mehriban Mürsəlova ilə əlaqə saxladıq.

Qurumun xanım rəsmisi konkret rəqəm açıqladı:

“Hazırda 143 ədə piksel satılıb. 139-u 15 manatdan hesablanır, qalan 4 piksel isə korporativ satışdır. Korporativdə 1 piksel 50 manatdan hesablanır. Bu günə qədər yığılan ümumi məbləğ 2285 manatdır.

Kompaniyanın təbliğatına xüsusi diqqət ayırırıq. İnsanların layihədə fəal iştirak etməsi üçün müəyyən işlər görülür. Ümid edirik ki, ən qısa zamanda hədəfə çatacağıq”.

Qeyd edək ki, “Turan Tovuz”a istifadə olunmuş ikinci əl avtobus almaq üçün məbləğ 100 min manatı keçməlidir. 2-3 min manata ən yaxşı halda nəqliyyat vasitəsi üçün təkərlər almaq olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"