"Mahir “Legiya”ya getməklə səhv etdi və indi başına gələnlər bu səhvin nəticəsidir"

13 Yanvar 2022 09:20 Araşdırma 2 136
"Mahir “Legiya”ya getməklə səhv etdi və indi başına gələnlər bu səhvin nəticəsidir"

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşanın “Legiya” klubundan ayrılacağı gözlənilir.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu azarkeşlərin hücumundan sonra klubda qalmaq istəmir və “Legiya”nı tərk etmək niyyətindədir.

Mahir “Legiya”dan ayrılmaq üçün klubun rəhbərliyinə müraciət etsə də, onun istəyi müsbət qarşılanmayıb. Bəs Mahir Emreli nə etməlidir?

Azarkeşlərin ciddi tənqidi ilə üzləşən hücumçu “Legiya”nı tərk etməlidir, yoxsa komandada qalıb özünü sübut etməlidir? Bu sualla idman jurnalistlərinə müraciət etdik (komanda.az):

İlkin Vaqifoğlu (“sportinfo.az”)

“Ən böyük səhv Mahirdədir. O, ən başından səhv etdi. Bir çox ölkədən təklifi var idi. Nədənsə, o, “Legiya”nı seçdi. Ötən il “Qarabağ”dan ayrılan vaxt meneceri (Tural Əsgərov) ilə problem yaşamışdı. Meneceri ona bir qədər gözləməyi təklif etmişdi. Çünki müqavilə şərtlərində bəzi maddələr var idi ki, tam aydın deyildi. Mahir o vaxt müqavilə imzalayanda bəzi maddələri gözdən qaçırıb. O, “Legiya”nın adına, Çempionlar Liqasında çıxış etməsinə fikir verdi. Daha sonra Mahir meneceri ilə yollarını ayırdı. Meneceri bildirirdi ki, Mahir qeyri-peşəkar rəhbərlik tərəfindən idarə olunan kluba gedir. Nədənsə, həmin vaxt bu fikirlərə diqqət yetirən olmadı. İndi görünür ki, menecer düzgün fikirlər söyləyib. Mən düşünürəm ki, Mahirin döyülməsi klub rəhbərliyi tərəfindən təşkil olunub. Fikirləşirəm ki, bu, sıradan təxribat deyil. Mahir “Legiya”da pis çıxış etməyib, lakin “Qarabağ”dakı kimi də deyil. Mahir xaraktercə bir qədər ərköyündür. O, “Qarabağ”da da səhvlərə yol verib, qol vura bilməyib, azarkeşlər tərəfindən fitə basılıb. Qurban Qurbanov kimi məşqçinin rəhbərliyi altında 6 il oynamaq o demək deyildi ki, Mahir buna layiq idi. Sadəcə, Qurbanov Mahirdə istedadı görürdü və çalışırdı ki, onu inkişaf etdirsin. Mahirin bundan sonra sürətli inkişaf edəcəyini düşünmürəm. Azarkeşlərin Mahiri tənqid etməsinə gəlincə, o, əvvəldən bilməli idi ki, hara gedir. Belə deyək, özü yıxılan ağlamaz. Mahir “Legiya”ya getməklə səhv etdi və indi başına gələnlər bu səhvin nəticəsidir”.

Araz Əhmədov (“sportfm.az”)

“Mənim bu məsələyə yanaşmam başqadır. Düşünürəm ki, Mahirin “Legiya”da görəcəyi işlər çoxdur və özünü sübut etməlidir. Futbolçuya qarşı belə təzyiqlər dünyanın hər yerində olur. “Legiya” Polşanın ən çox azarkeşi olan komandasıdır və belə hallar normaldır. Fikrimcə, Mahir hansısa bir fanatın narazılıq ifadəsinə, hücumuna görə klubu tərk etməməlidir və “Legiya”da qalıb, yarımçıq qalan işini davam etdirməlidir. Mahir hələ özünü “Legiya”da sübut etməyib. Hazırda onun adı “Ferentsvaroş”, “Dinamo” (Zaqreb) kimi klublarla hallanır. Ancaq məncə, “Legiya” bu klublardan daha böyükdür. Mahir “Legiya”da qalıb, özünü təsdiqlədikdən sonra Bundesliqaya, Türkiyə Super Liqasına keçə bilər. O, hazırda ancaq özünü sübut etmək haqda düşünməlidir. Nə üçün Almaniya və Türkiyəni seçdim? Bundesliqadan skautlar Polşa çempionatını daim izləyir. Bununla yanaşı, Mahirin özünün Türkiyə futbolunu və “Qalatasaray”ı çox sevdiyini də bilirəm”.

Kənan Məstəliyev (“rekord.az”)

“Birmənalı şəkildə getməlidir. Biz həmişə öz futbolçularımıza yuxarıdan aşağı baxmağa, onların potensialını azaltmağa, onlara sahib çıxmamağa öyrəşmişik. Bu tendensiya dəyişməlidir. Üstəlik, fakt Mahir Emreli “Legiya”nın ən yaxşı oyunçusudur və yaxın üç-beş ildə onun səviyyəsində birinin ora gələcəyi real görünmür. Çünki baş verənləri hamı görür. “Legiya”dan təklif alan istənilən futbolçu bundan sonra bir yox, on dəfə fikirləşməli olacaq ki, komandanın ən yaxşı futbolçusunun – Mahirin başına gələnlər, gətirilənlər onun başına da gətirilməsin. Bu barədə yazmışam, indi də o fikirdə qalıram ki, bu hadisə klub rəhbərliyi tərəfindən təşkil olunan, fikri öz iş bacarıqsızlığından futbolçulara tərəf yönəltmə cəhdidir. Mahir belə qeyri-peşəkar, həvəskar və hətta deyərdim cinayətkar düşüncəli idarəetmənin olduğu klubda qalmamalıdır və qalmayacaq da. Buna yüz faiz əminəm”.

Saşa Yunisoğlu (Azərbaycan millisinin Polşada oynamış sabiq futbolçusu)

“Mahir təcrübəli futbolçudur və nə etməli olduğunu yaxşı bilir. Biz bu məsələnin içində deyilik ki, hansısa məsləhəti verək. İnanıram ki, Mahir düzgün olanı edəcək. Mən şəxsən onun yerində olsam, “Legiya”da qalmazdım. Klub rəhbərliyi Mahirdən üzr istəmək əvəzinə, onun üstünə düşüb. Düşünürəm ki, “Legiya” rəhbərliyi qəribə addımlar atır. Mahir “Legiya”nın ən yaxşı oyunçusudur. Bu situasiyadan sonra oradan getsə, daha yaxşı olar. Təki Azərbaycana gəlməsin, Avropanın başqa klublarına keçsin. Polşa çempionatı sizə asan gəlməsin. Polşalı müdafiəçilərə qarşı oynamaq çətindir. Mahir “Legiya” ilə avrokuboklarda qollar vururdu, nə oldu, iki oyun qol vurmadı deyə, pis oldu? “Legiya”da qəribə şeylər baş verir. Yenə də deyirəm ki, Mahir özünü fikirləşməli və özünə daha rahat olan yerdə çıxış etməlidir. Mahir Avropanın TOP-5 çempionatlarının ortabab klublarında çıxış edə bilər. Mahirin düzgün addım atacağına inanıram”.

Şahin Cəfərov

Digər Xəbərlər
Xəbər Lenti