İndiki futbola bənzər bir oyun 1300-1600-cü illər arasında İngiltərədə təşkil edilirdi.
Bu barədə yazılar tarixi araşdırmlarda öz əksini tapıb.
Həmin dönəmlərdə, şübhəsiz, indiki qaydalar yox idi. Amma müasir futbolun "körpəlik” dönəminin diqqətçəkən, maraqlı tərəfləri vardı…
Qarşılaşmalar əsasən qonşu kəndlər arasında keçirilirdi. Meydanda oyunçu məhdudiyyəti yox idi.
İki kəndin bütün kişiləri eyni vaxtda oyun keçirmək üçün müəyyənləşdirilmiş meydançalara gedirdilər. Bu da o anlama gəlirdi ki, 200-300 oyunçu eyni zamanda meydanda olurdu.

Futbolun təməli kimi qələmə verilən bu oyunda maraqlı qaydalardan biri meydançalarla bağlı idi. Belə ki, oyun üçün nəzərdə tutulan sahələrin xüsusi ölçüsü, kənar xətləri yox idi. O vaxt iki kəndi birləşdirən hər hansı meşə və ya boş torpaq sahəsi meydança hesab olunurdu. Bəzən oyun sahəsinin ölçüsü 4-5 km-i keçə bilirdi. Futbolçular tam olaraq hər iki kəndə eyni məsafədə yığılırdı. Top isə donuzun doldurulmuş öd kisəsindən hazrlanırdı. Təbii indiki kimi qol vurmaq məsələsi həmin vaxt çox fərqli idi. Əsas məqsəd topu rəqib kəndin meydançasına çatdırmaq olurdu. Bunu ilk bacaran tərəf isə qalib hesab edilirdi. Bu, bir növ yaxın keçmişdə futbolda tətbiq olunan "qızıl qol” qaydasına bənzəyirdi.

Maraqlısı odur ki, əksər hallarda matçlar 8-10 saata qədər davam edə bilirdi. Oyunda hər hansı qaydalar, hakimlər, qayda pozuntuları və s. mövcud deyildi. Rəqibi dayandırmaq üçün istəniləni etmək mümkün, hətta belə desək, vacib idi. Məhz bu səbəbdən aralarında ədavət yaranan kəndlərin matçlarında ölənlər və yaralananlar olurdu. Bir-biri ilə qan davası olan bəzi insanlar bu matçlardan istifadə edərək düşmənlərindən qisas almağa çalışırdılar.
Həmin dönəmlərdə hər yerli bölgənin öz qaydaları və adətləri var idi. Ancaq bütün bunlar, həmçinin oyunun forması zamanla dəyişərək indiki futbolun səviyyəsinə çatdı.
Səbuhi Həsənov

