Divizionun "qara bazar"ında daha kimlər iştirak etməyib ki…- SON DƏQİQƏ

17 Dekabr 2019 10:05 I Divizion 1 185
Divizionun "qara bazar"ında daha kimlər iştirak etməyib ki…- SON DƏQİQƏ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Gündəlikdə məsələ çoxdur.

Bilindiyi kimi, AFFA ötən həftə xüsusi komissiya və ekspertlərin apardığı araşdırmaya əsasən, nəticələri ilə manipulyasiya edilmiş oyunlarla bağlı I Divizionun “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”, Region Liqasından "Uğur", "Ağsu Siti" və "Alyans"ın bir sıra futbolçu və funksionerlərinin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyub. Ümumilikdə, 28 nəfər.

Bu, rəsmi rəqəmdir. Bir də qeyri-rəsmi olan, AFFA-nın məhz bu gün açıqlaması gözlənilən başqa bir siyahı da var. Burada biz kifayət qədər yeni ad tapa bilərik. Təbii ki, qurum başqa təsirlərə məruz qalmadan həmin isimləri ictimaiyyətlə tanış etsə.

I Divizionda vəziyyət doğrudan da gərgin və qeyri-sabitdir. UEFA AFFA-nı fakt qarışısnda qoyub, bir addım da geri çəkilməyə icazə vermir. Tələbi budur ki, aşağı liqanın "havasını korlayanlar" kimliyindən asılı olmayaraq tapılmalı və cəzalanmalıdır. AFFA hələlik "kiçik balıqları" ovlamağa girişib.

Prosesə Cəmşid Məhərrəmovdan başlanılması göstərdi ki, bu xəmir hələ çox su aparacaq. Ona görə ki, vaxtilə millinin də formasını geyinmiş bu futbolçu Divizion bazarının üzdəki "darğa"sıdır. Məhərrəmovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından az keçmiş AFFA-nın 28 nəfərin futbol fəaliyyətinə qadağa qoyması işin içindən iş çıxmasının əlamətidir.

Redaksiyamıza daxil olan yeni məlumata görə, nəzarət altına alınanların ümumi sayı 60-ı keçib. Onların 10-12 nəfəri keçmiş və indiki klub funksioneridir. Aralarında məşqçilər də var. Qalanları isə aktiv idmançı karyerasını başa vurmuş və hələ də yaşıl meydanlarda görünən futbolçulardır. Təhqiqat əsasən son 3-4 ili əhatə edir və gözləməyə dəyər ki, qarşıdakı günlərdə yeni adlar "qara siyahı"ya əlavə olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!