Elxan Məmmədovun "alver" bəhanəsi – O, kimləri "vurmaq" istəyir?

16 Dekabr 2019 11:02 I Divizion 1 230
Elxan Məmmədovun "alver" bəhanəsi – O, kimləri "vurmaq" istəyir?

Sportinfo.az dekabrın 12-də millinin eks futbolçusu Cəmşid Məhərrəmovun polis tərəfindən saxlanılmasına dair şok məlumat yaydı. Ertəsi gün AFFA “danışılmış oyunlar”da iştirakla bağlı açıqlama verdi.

I Divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar federasiyanın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan daxil olan məlumatlara əsasən, bu klubların futbolçuları və digər futbol funksionerləri, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edilib.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq, 28 nəfərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub. AFFA elan edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Bu isə o anlama gəlir ki, siyahı uzundur və tezliklə daha bir neçə adın açıqlanması realdır. Hər halda təhqiqat qaldığı yerdən davam edir və Cəmşid Məhərrəmovun saxlanılması, böyük ehtimalla, kələfin ucunun açılmasına yardımçı olacaq.

Divizionda oyunların manipulyasiyla bağlı üzə çıxan məlumatlar UEFA-nın xidmətidir. Avropa futbol qurumu dünyanın ən nüfuzlu bukmeyker kontorlarıyla əlaqədədir və onlardan topladığı informasiyalar hesabına ona üzv ölkələrin daxili futbol həyatına nəzarət sistemi qurub. UEFA bir neçə ildir Azərbaycanı diqqət mərkəzində saxlayır. Əslində, proses çoxdan başlayıb və 2016-cı ildən etibarən AFFA-ya göndərilən serkulyar məktubların sayı artıb, indi də davamı gəlməkdədir.

AFFA sanki məcbur olaraq bu işin üstünə duşub: UEFA israrla bizim feedrasiyadan bunu tələb edir. Qitənin ali futbol təşkilatı davamlı xəbərdarlıqlardan sonra AFFA-nı seçim qarşısında qoyub, cəzaların verilməsinin vacibliyi üzərində dayanıb. Azərbaycan mətbuatı isə bir neçə ildir bu haqda yazır, federasiyanı hərəkətə gəlməyə səsləyirdi, amma çağırışlarımız hər dəfə qulaqardına vurulurdu.

Gedişatdan belə görünür ki, Elxan Məmmədov oyunların "qumar"a qoyulması məsələsindən "kozır" kimi istifadə edir, öz xeyrinə yararlanır. Baş katib yaranmış situasiyadan bəhrələnərək, düşmən gözündə gördüyü şəxsləri hədəf alıb. Məsələn, "Zirə"nin adı qapıçısının məlum oyununa görə "qara siyahı"ya düşsə də, şübhəli olayın baş verdiyi "Keşlə-2" - "Zirə-2" qarşılaşmasını idarə edən və ikincilərin qapısına olmayan penaltini verən hakim cəzasız qalıb. Haqlı sual yaranır: niyə onun barəsində heç bir ölçü götürülmür?

"Qara siyahı"da yer alan "Turan Tovuz" AFFA tərəfindən maliyyələşir. Bu fakt çaşdırmasın. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev baş katibin gözündən düşüb. Elxan Məmmədov inandığı dairələrdən onun yeni planı haqda informasiya əldə edib. Öyrənib ki, Oqtay bəy onun yerinə gəlmək istəyir və bu niyyətlə müxtəlif çevrələrlə təmas qurub, iş aparır. Təbii ki, Məmmədov təhlükənin fərqindədir və illərdir müdafiə etdiyi, vəzifə verdiyi şəxsin onu devirmək istəməsindən narahatdır. Abdullayevin Slovakiya səfərinin gerçəkləşməməsinin əsl səbəbi baş katibin bu plandan xəbər tutmasıdır. Odur ki, adıçəkilən şəxsi indi bu yolla cəzalandırır. Abdullayev bir neçə dəfə Məmmədovla görüşmək istəsə də, hələlik buna nail olmayıb.

"Ağsu"ya gəlincə, yarandığı gündən aşağı dəstədə mübarizə aparan aran klubu SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun nəzarətindədir. Bunu bilməyən yoxdur ki, komandaya büdcə ayıran "AzQranata" şirkəti ona bağlıdır. Neft şirkətinin məsul şəxsi ilə AFFA-nın baş katibi arasında "soyuq küləklər" əsir. Onların maraqları ən çox "Neftçi"də toqquşur.

İsmayılov paytaxt təmsilçisinin həmtəsisçisidir və maliyyə dayağıdır. "Ağ-qaralar"ın idarəçiliyi isə Məmmədovun adamında – onun hər tapşırığına "ləbbeyk" deyən Kamran Quliyevdədir. Baş katib istəyir ki, Mikayıl İsmayılovu "Neftçi"dən uzaq salsın və özü burada hər şeyə özü nəzarət eləsin. Bunadək olan mərhələdə SOCAR-ın vitse-prezidenti Elxan Məmmədova o imkanı yaratmayıb, "göz versə də, işıq verməyib" və klubun maliyyə işlərini yalnız öz kadrına etibar edib. Həmin şəxs Elnur Eyvazovdur, hansı ki, AFFA-nın baş katibinin "Neftçi"nin vitse-prezidentindən heç vaxt xoşu gəlməyib və yeri gəlmişkən, onun da "vurulmasında", gözdən salınmasında maraqlıdır.

"Ağsu"nun son olayı baş katib üçün növbəti "şah gedişi" etməyə fürsət yaradıb. O, həm Mikayıl İsmayılovu futboldan bir qədər də geri çəkilməyə məcbur etmək, həm də millinin uğursuzluğundan sonra ona yönələn haqlı tənqidlərdən yayınmaq məqsədilə "danışılmış oyun" "kartı"nın hələ uzun müddət gündəmdə qalmasında fəallıq göstərir. Diqqəti özündən yayındırmaq, futbolumuzu yerin dibinə soxmuş əsas günahkar obrazından qurtulmaq, beləcə, sudan quru çıxmaq üçün.

Bildiyimizə görə, UEFA AFFA-ya göndərdiyi şifrəli məktublarda I Divizionun başqa iştirakçılarının da adları qeyd olunub. AFFA tərəfindən maliyyələşən heç bir klubun əvəzedici heyətinin adını açıqlanan siyahıda görmürük amma. Olmaya, onlar "süddən çıxmış ağ qaşıq"dır? Əsla! Sadəcə, həmin komandaların rəhbərləri Elxan Məmmədova bir köynək daha yaxındır və hər bir əmrinə müntəzirdilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti