Divizionda şıdırğı alver edənlər və daha kimlər…

13 Dekabr 2019 18:34 I Divizion 1 066
Divizionda şıdırğı alver edənlər və daha kimlər…

AFFA İcraiyyə Komitəsi bugünkü iclasında danışılmış oyunlarla bağlı məsələyə baxıldı.

Toplantıda nəticəsi şübhə doğuran, “danışılmış oyunlar"la bağlı xüsusi komissiyanın hazırladığı hesabat təqdim olundu. Öz növbəsində İcraiyyə Komitəsi müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət etdi.

AFFA bir qədər əvvəl yaydığı ikinci açıqlamada I Divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”nin üst-üstə 25 futbolçusu cəzalandırılması barədə məlumat yayıb. Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Onlardan 14-ü "Ağsu"nun, 7-si "Turan"ın, 1-i isə "Zirə-2"nin üzvüdür. Həmçinin Region Liqasında oynayan futbolçulardan da 3-nün adı "qara siyahı"ya düşüb. Daha 3 şəxs isə "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir.

Komandaların bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bu şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Sportinfo.az-ın məlumatına görə, hazırda 6-7 futbolçu saxlanılıb. Yaxın günlərdə bu siyahının bir qədər də genişlənəcəyi, daha bir neçə oyunçunun, hətta klub rəsmisinin məsuliyyətə cəlb olunması gözlənilir. Ümumiyyətlə, aparılan araşdırma təkcə ötən illəri əhatə etmir. Həmçinin cari mövsümdə Divizionun geridə qalan 12 turunun bir çox qarşılaşmaları araşdırılır. Təqribən 30-dan artıq matçın nəticəsinin öncədən razılaşdırılmasına dair ciddi şübhələr var.

Digər Xəbərlər
Xəbər Lenti