"Topu çıxarmaq istəyirdim, bir də baxdım qapıdadır" - Sosial şəbəkələrdə gündəm olan qapıçı danışdı

30 Noyabr 2019 20:50 I Divizion 2 025
"Topu çıxarmaq istəyirdim, bir də baxdım qapıdadır" - Sosial şəbəkələrdə gündəm olan qapıçı danışdı

I Divizionun 12-ci turunda keçirilən "Zirə-2" - "Sumqayıt-2" matçında maraqlı anlar yaşanıb. Qarşılaşmanın 90+6-cı dəqiqəsində meydan sahiblərinin qapısına müzakirələrə səbəb olan penalti təyin edilib.

"Zirə-2"nin qapıçısı Səbuhi Əliyev penaltini dəf etsə də, ardınca topu əli ilə öz qapısına göndərib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

Penalti epizodu kimi, qapıçının buraxdığı qol da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Səbuhi Əliyevlə danışdıq. Gənc qolkiper Sportinfo.az-a açıqlamasında həmin anı bu cür şərh etdi:

"Penalti vurulan zaman sağ tərəfə tullandım. Gördüm, top üstümə gəlir. Ayağımı qoydum ki, qapıya getməsin. Top fırlana-fırlana yerə düşürdü. Yerimdən qalxıb, geri döndüm ki, qola mane olum. Belədə istər-istəməz diqqətsizlik olur. Top fırlana-fırlana gəldiyindən tutmağa risk etmədim. Çünki əlimdən sürüşə bilərdi. Elə bildim, top qapı tirinin üstündədir. Heç çərçivəyə də baxmırdım. Bütün fikrim topda idi. Yumruqla vurdum ki, kənara çıxsın. Bir də baxdım ki, qapıdadır. Burada başqa söhbət ola bilməz".

Digər Xəbərlər
Xəbər Lenti