"Bizi yarı yolda qoymağı ona xeyir gətirməyəcək" - Oqtay Abdullayev

12 Oktyabr 2019 15:48 I Divizion 1 196
"Bizi yarı yolda qoymağı ona xeyir gətirməyəcək" - Oqtay Abdullayev

"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Sportinfo.az-a müsahibə verib. O, komandanın baş məşqçisi Azər Bağırovun Tovuz klubundan ayrılaraq "Qəbələ"yə yollanması barədə danışıb:

- Azər Bağırov "Turan Tovuz"un baş məşqçi postundan ayrılaraq “Qəbələ”yə keçib. Maraqlıdır, necə oldu, onu buraxdınız?
- Azər Bağırova dedim ki, məni öz yerində qoy, mövsümün ortasında baş məşqçini buraxmaq olar? Dedim, bizi atıb-gedirsən. Mən də bilirəm ki, Premyer Liqa klubundan dəvət gələndə hər adam getmək istəyər. Amma bizi də fikirləşmək lazımdır axı. Bizi pis vəziyyətdə qoyduğunu özünə də söylədim. Bu davranışı öz karyerası üçün də pis olacaq. Heç bir məşqçiyə, futbolçuya, insana pislik etmək istəməzdim. Hamı istəyir ki, öz komandası yaxşı olsun. Biz çempionata yaxşı başlamışıq, yaxşı da davam edirik. Premyer Liqaya iddialıyıq. Yeni baza tikilir, meydanlar salınır. Yeni ildən sonra orada qalıb, məşqlərimizi Tovuzda davam etdirəcəyik. Bir sözlə hər şey təzə olacaq. Bunu atıb getmək, nə bilim, vallah...

- Maraqlıdır, Bağırovu niyə yola gətirə bilmədiniz?
- Mən bunların hamısını ona dedim. O da bildirdi ki, bu fikir beynimə düşüb, ona görə gedirəm “Qəbələ”yə. Gedəni saxlamazlar, indi baş məşqçi axtarıram. Azərə də dedim ki, geri qayıtmaq istəsən də, bundan sonra səni geri qaytara bilmərəm.

- Müşahidə Şurasının qərarı nə oldu?
- Bizim üçün gözlənilməz zərbə oldu. Müşahidə Şurası var, qərarı tək mən vermirəm. Toplantı oldu, Şura yığıldı, danışdım, hamısı öz narazılığını bildirdi. Hələ azarkeşlər də Azərin gedişindən narazıdılar. Bu durumda onun getməyi zərbədir. Buraxmamaq ixtiyarımız var. Mən rəsmi qaydada Azəri buraxmamışam. "Qəbələ" onu dəvət edib, gəldi, dedi ki, getmək istəyirəm. Düzdür, onu məcbur saxlayası deyilik. Sadəcə, məşqçi tapana kimi Azər Bağırovu buraxmayacam. Müşahidə Şurası olaraq yığışıb, daha sonra qərar verəcəyik. Azər pis məşqçi deyil, amma bu hərəkəti heç ondan gözləməzdim. İndi məşqçi tapmaq çətindir. Rayona getmək istəyən də azdır, hər adam getmir.

- Bəlkə maliyyə şərtlərini yaxşılaşdırsaydınız qalardı postunda?
- İstəsə də, Bağırovu geri qaytara bilmərəm. Artıq o məsələ gündəmdə yoxdur. Amma rəsmi olaraq ayrılıq olmayıb. Azərlə münasibətim yaxşıdır. Başa saldım, dedim getmə, vaxt verirəm, fikirləş. Düzgün yolda deyilsən, sadəcə öz beyninə yeritmisən ki, Premyer Liqa klubudur, vəssalam. Nə olsun, Premyer Liqa klubudur, hələ bilinmir orada qalacaqsan, ya yox. Elmar Baxşıyev də yaxşı məşqçidir, ona hörmətim var. Təki işləri qaydasında getsin. İstəmərəm ki, işləri alınmasın. Sadəcə, bizi yarı yolda qoymağı özünə xeyir gətirməyəcək.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!